Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir M.Əliyev/
Azərbaycanda bəzi ixtisaslar üzrə magistraturaya qəbul imtahanlarının keçid balları azaldılıb. Bu barədə Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.
İxtisaslardan asılı olaraq bakalavrlar üçün birinci sınaq imtahanlarında ballar 50-dən 45 və 40 baladək azaldılıb.
Magistraturalar üçün ixtisasların seçim cədvəli TQDK-nın "Magistr" jurnalının üçüncü nömrəsində dərc olunacaq.
Qəbul imtahanlarının birinci turunda iştirak edən bakalavrların nəticələri, eləcə də keçid ballarının azaldıldığı ixtisaslar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saytında dərc olunub.
Abituriyentlərin ali məktəblərin magistratura pilləsinə imtahanların birinci mərhələsində göstərdikləri nəticələrlə bağlı müraciətlərinə TQDK-da fevralın 23-dən 26-dək baxılacaq.
Fevralın 20-də Azərbaycanda magistraturalara qəbul imtahanlarının birinci turu keçiirlib. İmtahanlar ölkənin dörd şəhərində - Bakı, Naxçıvan, Gəncə və Lənkəranda (ilk dəfə) keçirilib.
Qəbul imtahanlarının birinci turunda iştirak etmək üçün 16 510 bakalavr ərizə verib. Ərizələrin 14 447-si Azərbaycan, 2 063-ü rus bölməsinə verilib. Bakalavrların 9569 nəfəri 2011-ci ilin məzunlarıdır.
TQDK magistraturaya qəbul imtahanlarını 2005-ci ildən keçirir.