Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan hökuməti "Fərdi məlumatların informasiya sistemlərinə fərdi identifikasiya nömrəsinin daxil edilməsi və istifadə olunması Qaydaları"nı təsdiq edib. Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.
Qaydalarda qeyd olunur ki, fərdi identifikasiya nömrəsi fərdi məlumatların informasiya sistemlərinə barəsində fərdi məlumat daxil edilən şəxsə müəyyən edilmiş qaydada verilən və şəxs barəsində müvafiq məlumatları birmənalı müəyyən etməyə imkan verən yeddi simvollu vahid təkrarolunmaz koddur.
Fərdi identifikasiya nömrəsinin fərdi məlumatların informasiya sistemlərində yerləşdirilməsi milli informasiya məkanının fərdi informasiya üzrə bölümündə paylanmış ayrı-ayrı informasiya sistemlərində eyni subyekt barədə məlumatların əlaqələndirilməsinə, uzlaşdırılmasına, bu sahədə pərakəndəliyin və təkrarlığın qarşısının alınmasına xidmət edir.
Fərdi identifikasiya nömrəsi Azərbaycan vətəndaşları, habelə Azərbaycanda daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında qanunvericilikdə nəzərdə tutulmuş məlumatlar Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə daxil edilərkən, qanunvericiliklə müəyyən olunmuş qaydada avtomatlaşdırılmış rejimdə verilir.
Fərdi identifikasiya nömrəsi dövlət informasiya sistemlərində uçotu aparılan ölkə vətəndaşları, habelə respublikanın ərazisində daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində saxlanılan məlumatlara daxil edilməlidir.
Azərbaycan Əhalisinin Dövlət Reyestrində və fərdi identifikasiya nömrəsi yerləşdirilən digər fərdi məlumatların informasiya sistemində hər bir şəxs barəsində saxlanılan fərdi məlumatlar avtomatlaşdırılmış rejimdə müvafiq göstəricilər üzrə qarşılıqlı uzlaşdırılaraq eyniləşdirilir. Fərdi məlumatların uzlaşdırılması üçün şəxs in adı, soyadı, atasının adı, doğulduğu tarix, yer, biometrik məlumatları, şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsindən istifadə olunur.
Fərdi məlumatların informasiya sistemlərində fərdi identifikasiya nömrəsi bir sistem daxilində istifadə, şəxs barədə mövcud məlumatları birmənalı müəyyən etmək, eyni şəxs barədə məlumatların tərkib hissələrini vahid məcmuda birləşdirmək, eyni şəxs barədə təkrar məlumatların toplanılmasının qarşısını almaq, sistemlərarası istifadə, fərdi məlumatların informasiya sistemləri arasında qarşılıqlı inteqrasiyasını təmin etmək və digər məqsədlərlə istifadə olunur.