...

Məhkəmə aparatı işçiləri üçün təlim keçirilib (FOTO)

Cəmiyyət Materials 23 May 2011 10:36 (UTC +04:00)
Məhkəmə-Hüquq Şurası və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə təşkilatçılığı ilə məhkəmə aparatı işçiləri üçün təlim keçirilib.
Məhkəmə aparatı işçiləri üçün təlim keçirilib (FOTO)

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir K.Zərbalıyeva/

Məhkəmə-Hüquq Şurası və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə təşkilatçılığı ilə məhkəmə aparatı işçiləri üçün təlim keçirilib.

Trend-in məlumatına görə, təlimdə Bakı şəhərinin rayon məhkəmələrinin hakim köməkçiləri və iclas katibləri etik davranış qaydaları və kargüzarlıq işinin təşkili ilə bağlı maarifləndirliblər.

Təlimdə iştirak edən millət vəkili, Məhkəmə-Hüquq Şurasının üzvü və Konfederasiyanın rəhbəri Əli Hüseynli bildirib ki, təlimin keçirilməsində əsas məqsəd məhkəmə aparatı işçilərinin ölkədə aparılan məhkəmə-hüquq islahatları və korrupsiyaya qarşı mübarizə prosesində iştiraka və şura ilə əməkdaşlığa cəlb olunmasıdır.

Məhkəmə aparatı işçilərinin etik davranış qaydalarına düzgün riayət etmələrinin çox vacib olduğunu deyən millət vəkili qeyd edib ki, hakim köməkçiləri və iclas katibləri məhkəmələrə müraciət edən vətəndaşlarla təmasda olur və onların vətəndaşlara olan münasibəti məhkəmə sistemi ilə bağlı cəmiyyətdə düzgün rəyin formalaşmasında önəmlidir.

Bu mövzu ilə bağlı məruzə edən Bakı Apelyasiya Məhkəməsinin hakimi Rizvan Səfərov qeyd edib ki, məhkəmə aparatı işçiləri 2007-ci ildə qəbul edilmiş "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunun tələblərinə uyğun fəaliyyət göstərməlidirlər.

O, dövlət qulluqçularının fəaliyyətinin əsas prinsipləri barədə məlumat verərək bildirib ki, məhkəmə aparatı işçiləri fəaliyyətləri zamanı vicdanlılıq prinsipinə ciddi əməl etməlidirlər.

"Hər biriniz öz fəaliyyətinizdə ayrı-ayrı şəxslərin, dövlət orqanlarının nüfuzunu gözləməlisiniz. Vətəndaşlarla kobud rəftar olunarsa, onlara diqqətsiz yanaşılarsa, məhkəmə hakimiyyətinə inamları itər. Dövlət qulluqçusu bu hərəkəti ilə dövlətin nüfuzuna kölgə salmış olur", - Səfərov vurğulayıb.

O, hər bir dövlət qulluqçusunun vətəndaşlara qarşı qərəzsiz, təmkinli olmasını qeyd edib və bildirib ki, məhkəmə təcrübəsində hakim köməkçilərinin, iclas katiblərinin qüsurlu fəaliyyəti nəticəsində hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi faktlarına rast gəlinir.

Hüseynli məhkəmə aparatı işçilərinin davranışının bir çox dövlət qurumları üçün nümunə olduğunu qeyd edib.

O, dövlət qulluqçusu üçün qanunla müəyyən edilən etik davranış qaydalarına tam riayət edilməsinin çətin olduğunu bildirib.

"Çünki bizim ətrafımızda belə davranış yoxdur. Dövlət qulluqçusunun davranışının necə olması ilə bağlı bizdə fərqli təcrübə yoxdur. İşlədiyiniz qurumda hansı ənənələr olubsa, sizlər də onu görürsünüz. Azərbaycanda təbəssüm etikası yoxdur. Bu, bir vərdiş halını almalıdır. Təbəssüm vətəndaşda, hətta onun müraciətinə mənfi cavab verilsə belə, həmin quruma qarşı etimadı formalaşdırır", - Hüseynli vurğulayıb.

Onun fikrincə, dövlət qulluqçularının etik davranışı ilə bağlı baş verən pozuntuların müəyyən qismi ümumi mühitlə bağlıdır. İctimai fikrin, vicdanlı dövlət məmuru elementinin tam formalaşa bilməməsi bu pozuntuların yaranmasına səbəb olur.

Hüseynli məhkəmə aparatı işçilərinin bu sahədə beynəlxalq təcrübəni öyrəməsinin əhəmiyyətli olduğunu qeyd edərək, rəhbərlik etdiyi Azərbaycan Hüquqşünaslar Konfederasiyasının təşkilatçılığı ilə bir qrup hakim köməkçisi və iclas katibinin İnsan Haqları üzrə Avropa Məhkəməsində təcrübə keçmələri üçün səfərin təşkil olunacağını qeyd edib.

Təlimdə iştirak edən məhkəmə aparatı işçiləri maddi təminatlarının yaxşılaşdırılması, məhkəmələrdə iş yükünün çox olması səbəbindən iclas katibləri ştatlarının artırılması, hər bir hakimin mülki və cinayət işləri üzrə iclas katiblərinin olması və s. təkliflərlə çıxış ediblər.

Onlar qeyd ediblər ki, rayon məhkəmələrinin aparat işçiləri digər birinci instansiya məhkəmələrinin aparat işçiləri ilə dövlət qulluğunun eyni təsnifatında yer almalıdırlar.

Hüseynli onların bu təkliflərinin qanunverici orqanda müzakirəyə çıxarılacağını bildirib.

"Kargüzarlıq işinin təşkilindəki əsas problemlər" mövzusunda Ali Məhkəmənin hakimi Tapdıq Mahmudov çıxış edib.

Məhkəmələrdə kargüzarlıq işinin 2008-ci ildə qəbul edilən təlimat əsasında təşkil olunduğunu qeyd edən hakim bildirib ki, obyektiv və subyektiv səbələrdən karguzarlıq işinin təşkilində bəzi problemlər yaranır.

"Məhkəmələrdə iş yükünün çox olması, məhkəməyə müraciət edən şəxslərin məhkəmə qaydalarını bilməməsi obyektiv səbəblərdir. Karguzarlıq haqqında təlimata düzgün riayət olunmaması subyektiv səbəbdir. Bu təlimata düzgün əməl olunmaması korrupsiya hüquqpozmalarına şərait yaradır", - Mahmudov deyib.

Çıxışında məhkəmə təcrübəsində iclas katiblərinin yol verdiyi nöqsanlar barədə geniş məlumat verən Ali Məhkəmənin hakimi qeyd edib ki, ittiham aktında olan səhvlərin protokollarda və hökmdə təkrarlanması, şahidlərin and içməsi barədə qeydlərin protokollarda yer almaması, protokolların vaxtında tərtib olunmaması nəticəsində yaranan problemlər məhkəmə sənədlərində ən çox rast gəlinən pozuntulardır.

O, əvvəlki illərlə müqayisədə son 3-4 ildə məhkəmə sənədlərinin tərtibində, göndərilməsində irəliləyişin olduğunu da qeyd edib.

İclas katiblərinin fəaliyyətlərində rast gəlinən problemlər müzakirə olunub. Onlar məhkəmə bildirişlərinin çatdırılması ilə bağlı problemlərin olduğunu qeyd ediblər. Bildiriblər ki, vətəndaşlar yaşayış ünvanlarını dəyişdiyindən məhkəmə bildirişlərinin onlara vaxtında çatdırılması problemlər yaranır.

Tərəflərin məhkəmənin vaxtı barədə məlumatlandırılması məqsədilə şəxsi mobil telefonlarından zəng etdiklərini, mesaj göndərdiklərini qeyd edən iclas katibləri deyiblər ki, vəkillər bu hərəkətinə görə onları şəxsi maraq güdməkdə ittiham edirlər.

Məhkəmə-Hüquq Şurasının üzvü Hüseynli bildirib ki, Şuranın icraatında olan işlərin 30 faizində qeydə alınan prosessual pozuntuların baş verməsində iclas katiblərinin günahı var.

"Şuranın son iclasında bununla bağlı ciddi müzakirələr getdi və qərara alındı ki, prosessual pozuntuların baş verməsində iclas katiblərinin təqsiri təsdiq olunarsa, onların dövlət qulluqçuları haqqında qanunvericiliyə uyğun məsuliyyətə cəlb olnması barədə məsələ qaldırılsın", - Hüseynli vurğulayıb.

Millət vəkili qeyd edib ki, məhkəmələrdə iş yükü çox olduğu halda işin sürətli görülməsi mexanizmi formalaşdırılmayıb.

Məhkəmələrdə kargüzarlıq işinin təşkilinin müasir standartlara cavab vermədiyini deyən millət vəkili hesab edir ki, müasir informasiya texnologiyalarından istifadəni qanunvericilikdə hansısa formada müəyyənləşdirmək vacibdir.

Xəbər lenti

Xəbər lenti