Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İ.İsabalayeva/
Xəzərin Su Bioresursları Komissiyasına sədrlik bu ilin noyabrından İrandan Azərbaycana keçəcək. Bunu cümə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su Hövzələrində Bioloji Resurslarının Artırılması və Mühafizəsi Departamentinin baş məsləhətçisi, Xəzərin Su Bioresursları Komissiyasının daimi üzvü Tariyel Məmmədli deyib.
Onun sözlərinə görə, Azərbaycan komissiyaya iki il müddətinə sədrlik edəcək. Bununla bağlı bu ilin noyabrında Bakıda Xəzəryanı ölkələrin görüşü keçiriləcək. Görüşdə komissiyaya sədrlik məsələsi ilə yanaşı, Xəzəryanı ölkələr üçün dənizdə nərəkimilərin sənaye ovuna ümumi qadağa - moratoriumun qoyulması da müzakirə ediləcək.
Məmmədli deyib ki, moratoriumun qoyulmasına bütün Xəzəryanı ölkələr razılıq verib. Artıq Almatıda beş ölkənin iştirakı ilə ilkin görüş keçirilib və konsepsiya hazırlanıb. Moratoriumun tətbiqi üçün yalnız müvafiq sənədin imzalanması lazımdır.
Moratoriumun tətbiqi ilə əlaqədar 2011-ci il üçün Xəzəryanı ölkələrə kvotanın ayrılacağı gözlənilmir.
Məmmədlinin sözlərinə görə, ötən il Azərbaycanın nərəkimilərin ovu üzrə kvotası 70 ton, kürü üzrə kvotası 6 ton 300 kq olub.
Xəzərin Su Bioresursları Komissiyası 1992-ci ildə 4 Xəzəryanı ölkə (Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan) tərəfindən təsis edilib. 2002-ci ildə İran da bu komissiyaya qoşulub.
Komissiyanın əsas məqsədi Xəzər dənizinin su bioresurslarından davamlı və səmərəli istifadə etmək, balıq ehtiyatlarının artırılması və mühafizəsi sahəsində xüsusi tədbirlər hazırlayıb həyata keçirməkdir.
Bundan əlavə, komissiya həm də 5 Xəzəryanı ölkə arasında milli ov kvotalarının bölünməsini müəyyənləşdirir və eyni zamanda CİTES Konvensiyası Katibliyinə təsdiq üçün təqdim etmək məqsədilə nərəkimi balıqların ət və kürüsünün ixrac kvotalarının miqdarını təyin edir.
2003-2004-cü illərdə sədrlik Rusiyada, 2005-2006-ci illərdə Qazaxıstanda, 2007-2008-ci Türkmənistanda, 2009-2010-cu illərdə isə İranda olub.