...

Azərbaycan Daxili İşlər Nazirliyi deputatların xidməti silah daşımasına icazə verən əsasları açıqlayıb

Cəmiyyət Materials 9 İyun 2011 16:59 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov cümə axşamı Trend-ə bildirib ki, "Deputat statusu haqqında" qanun deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilməsini mümkün sayır.
Azərbaycan Daxili İşlər Nazirliyi deputatların xidməti silah daşımasına icazə verən əsasları açıqlayıb

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Daxili İşlər Nazirliyi millət vəkillərinin xidməti silah daşımasına icazə verən əsasları açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov cümə axşamı Trend-ə bildirib ki, "Deputat statusu haqqında" qanun deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilməsini mümkün sayır.

Rəis müavini bildirib ki, xidməti silahın verilməsi ilə bağlı millət vəkilinin müraciəti bütün hallarda müsbət cavablandırılmır.

Zahidovun sözlərinə görə, əvvəllər məhkum olunmuş, həqiqi hərbi xidmətdə olmayan, silahdan istfadə, silah gəzdirmə və daşıma qaydalarını bilməyən deputatlara silah veriməsini qanun məqbul hesab etmir.

"Həmin qanunun icrası ilə əlaqədar Daxili İşlər Nazirliyinin təlimatı qəbul edilib. Xidməti silahın verilməsi ilə bağlı millət vəkilinin müraciəti araşdırılarkən qanunvericiliyə və təlimata uyğun olaraq ölkədəki ictimai-siyasi vəziyyət, kriminogen durum nəzərə alınır. Əgər ölkədəki ictimai-siyasi vəziyyət və kriminogen durum deputatın silah gəzdirməsinə zərurət yaratmırsa, bu halda deputata xidməti silah verilmir", - rəis müavini deyib.

Zahidov deyib ki, xidməti silahla bağlı nazirliyə müraciət edən millət vəkillərinə də bu əsasla rəsmi cavab verilir.

Nazirlik sözçüsü bildirib ki, bu gün dövlətimiz və hüquq-mühafizə orqanları bütün vətəndaşların, o cümlədən, millət vəkillərinin təhlükəsizliyini tam qoruyur və onların təhlükəsizliyi üçün narahatlığa heç bir əsas yoxdur.

Millət vəkili Aydın Mirzəzadə Trend-ə bildirib ki, Azərbaycanda cəmiyyət, vətəndaşlar dövlət tərəfindən kifayət qədər qorunur. Bu səbəbdən də o, silah almaq üçün müraciət etməyə lüzum görmür.

Millət vəkilləri İqbal AğazadəFazil Mustafa xidməti silah almaq üçün Daxili İşlər Nazirliyinə müraciət etdiklərini, lakin onlara silah verilməsindən imtina edildiyini bildiriblər.

Nazirlik məqsədə müvafiq hesab etmədiyindən onların müraciətlərini müsbət cavablandırmayıb.

1996-cı ildə qəbul edilmiş "Deputat statusu haqqında qanun"un tələbinə görə, deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər.

Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ var, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir.

Xəbər lenti

Xəbər lenti