Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir M.Əliyev/
Ukraynanın Truskavets şəhərindəki "Karpatı" sanatoriyasının rəhbərliyi əməkdaşlığın genişləndirilməsi üçün Azərbaycanın turizm şirkətləri ilə danışıqlar aparır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Ukraynanın Azərbaycandakı səfirliyinin müşaviri Miroslav Blaşuk məlumat verib.
Onun sözlərinə görə, son illər ərzində azərbaycanlı turistlərin "Karpatı" sanatoriyasının yerləşdiyi Truskavetsə axını artıb.
"Karpatı" sanatoriyasının direktoru Lev Qritsak qeyd edib ki, hər il Azərbaycandan 10 minə yaxın turist Ukraynaya səfər edir. Onun sözlərinə görə, azərbaycanlıların Ukraynada istirahət etməyə marağını nəzərə alaraq, yerli restoran və hotellərin menyusuna Azərbaycan mətbəxinin yeməkləri də salınıb.
Qritsak qeyd edib ki, sanatoriyanın yaxınlığında yerləşən Lvov şəhərində 2012-ci il Avropa çempioantının keçirilməsi ilə əlaqədar aeroport yenidən qurulur və dekabr ayınadək hazır olacaq.
Truskavetsdəki sanatoriyalar 183 ildir fəaliyyət göstərir. Bu gün onlar 9 mindən artıq daimi müştəriyə malikdirlər.
"Karpatı" sanatoriyasında bir sutka ərzində istirahətin qiyməti 70 dollardan başlayır.