...

Rusiyalı gənclər Bakı Dövlət Universitetində tədris proqramları ilə maraqlanıblar (FOTO)

Cəmiyyət Materials 22 İyul 2011 17:04 (UTC +04:00)
Rusiya Gənclər İctimai Palatasının (GİP) nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
Rusiyalı gənclər Bakı Dövlət Universitetində tədris proqramları ilə maraqlanıblar (FOTO)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir T.Hacıyev/

Rusiya Gənclər İctimai Palatasının (GİP) nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub. Trend-in BDU-nun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, cümə günü universiteti ziyarət edən qonaqlar ölkəmizə Rusiya Azərbaycan Gənclər Təşkilatının, şəxsən onun prezidenti Leyla Əliyevanın dəvəti ilə gəlıblər. Nümayəndə heyətinə Rusiyanın müxtəlif universitetlərinin tələbələri, ictimai-siyasi təşkilatların və dövlət qurumlarının üzvləri daxildir.

Nümayəndə heyətini BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva, sosial məsələlər, tələbərlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Sani Hacıyev, elm və innovasiya üzrə prorektoru, professor Aydın Kazımzadə qəbul edib. Görüşdə Xarici tələbələrlə iş üzrə fakültənin dekanı Gülheyran Rəhimova və BDU-nun bir qrup tələbəsi də iştirak edib. Söhbət zamanı iki ölkə universitetləri arasındakı əlaqələrin intensivləşdirilməsi, əməkdaşlığın genişləndirilməsi və digər məsələlərə toxunulub. Rusiya tələbələri BDU-nun tədris proqramları, təhsilin ödənişli olması ilə, BDU-da tədris olunan xarici dillərlə də maraqlanıblar. Bütün suallara dolğun cavablar verilib.

Professor Sani Hacıyev qonaqlara Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib. Hacıyev qeyd edib ki, münaqişənin həlli BDU-da oxuyan xarici tələbələrin sayını çoxaldardı. Onun sözlərinə görə, hazırda universitetin yataqxanalarında Ermənistanın işğal etdiyi torpaqlardan gəlmiş qaçqınlar məskunlaşıb.

Öz növbəsində, rusiyalı qonaqlar BDU-nun tələbələrinin suallarını cavablandırıblar. Rusiya GİP-in nümayəndə heyəti BDU-nun elmi-tədqiqat mərkəzlərində, idman kompleksində də olublar.

Xəbər lenti

Xəbər lenti