...

Azərbaycanda ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmlərinin sınaqdan keçirilməsinə başlanıb

Cəmiyyət Materials 30 İyul 2011 12:42 (UTC +04:00)
Azərbaycanda ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmlərinin sınaqdan keçirilməsinə başlanıb.
Azərbaycanda ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmlərinin sınaqdan keçirilməsinə başlanıb

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmlərinin sınaqdan keçirilməsinə başlanıb. Bu barədə şənbə günü Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş ünvanlı sosial yardım (ÜSY) proqramının şəffaf şəkildə icra olunması, məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və qərar qəbul etmə prosesində subyektiv amillərin aradan qaldırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ÜSY üçün alternativ müraciət mexanizmləri hazırlanıb. İlkin olaraq, bu sistemin seçilmiş pilot rayonlar olan Balakən və Cəlilabad rayonlarında sınaqdan keçirilməsi nəzərdə tutulur.

29 iyul 2011-ci il tarixində Cəlilabad rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzində alternativ müraciət mexanizmlərinin təqdimat mərasimi keçirilib. Tədbirdə nazirliyin nümayəndələri, nazirlik yanında İctimai Şuranın üzvləri, Cəlilabad rayon İcra Hakimiyyətinin və rayon üzrə bələdiyyələrin nümayəndələri iştirak ediblər.

Yeni müraciət mexanizmlərinin əsas cəhəti ÜSY üçün ərizə-anket formalarının həm onlayn rejimdə, həm də poçt idarələri vasitəsilə qəbul edilməsindən ibarətdir. Sənəd qəbulundan sonra isə vətəndaşların mobil telefon nömrəsinə və elektron poçt ünvanına (əgər varsa) həmin müraciətin statusu ilə bağlı məlumatların göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, 3 ay müddətində ünvanlı sosial yardım üçün poçtla və elektron müraciətlərin təcrübədən keçirilməsi, həmçinin Əhalinin Sosial Müdafiəsi mərkəzlərində məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və şəffaflığın tam təmin edilməsi məqsədilə işçilərin yeni vəzifə bölgülərinin işlənməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti