Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir T.Hacıyev/
Azərbaycanda arxeoloji turizmin inkişafı üçün geniş imkanlar var. Bu barədə çərşənbə axşamı Trend-ə açıqlamasında "Miras" İctimai Birliyinin sədri, tarix elmləri namizədi Fariz Xəlilli bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda arxeoloji turizmin inkişafı üçün fərdi təşəbbüslər göstərilir.
"Qəbələ, Şəmkir, Ağsu və Tovuz rayonları ərazilərində işlər görülür, lakin bir sıra işlər hələ də görülməlidir. Həmin arxeoloji abidələr turizm obyektinə çevrilməlidir", - Xəlilli əlavə edib.
O qeyd edib ki, arxeoloji turizmin inkişafı sahəsində işlərin başlanması müsbət haldır və gələcəkdə də bu işlər davam etdirilərsə, nəticəyə nail olmaq olar.
Xəlillinin sözlərinə görə, arxeoloji turizm yeni yanaşmadır və dünyanın bir çox ölkələrində bu sahədə uğurlar əldə olunub.
"İtaliyanın Roma şəhəri yaxınlığında "Roma forumu" adlı bir abidə var. Bu abidəni Romaya gələn bütün turistlər ziyarət edir. "Roma forumu" memarlıq abidəsi deyil, arxeoloji abidədir. Çünki həmin abidə vaxtilə tamamilə dağılıb və qazıntılar nəticəsində yenidən aşkar edilib", - o qeyd edib.
Xəlilli qeyd edib ki, Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi üçün ilk növbədə arxeoloji abidələrin ətrafında infrastruktur yaradılmalı və həmin adibələr turizm məhsulu halına gətirilməlidir.
Azərbaycanda arxeoloji turizmin inkişafı üçün geniş imkanlar var - ekspert
Azərbaycanda arxeoloji turizmin inkişafı üçün geniş imkanlar var.