...

ARDNŞ-də işə düzəltmək adı ilə vətəndaşları aldadan şəxslər zərərsizləşdiriliblər

Cəmiyyət Materials 23 Avqust 2011 13:09 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) idarə və müəssisələrində işə düzəltmək adı ilə vətəndaşları aldadan şəxslər zərərsizləşdiriliblər.
ARDNŞ-də işə düzəltmək adı ilə vətəndaşları aldadan şəxslər zərərsizləşdiriliblər

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) idarə və müəssisələrində işə düzəltmək adı ilə vətəndaşları aldadan şəxslər zərərsizləşdiriliblər.

ARDNŞ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakının Keşlə qəsəbə sakini Səfərov Elmin Namaz oğlu ARDNŞ-yə müraciət edərək Gülüşov Rizvan Mətləb oğlu tərəfindən aldadıldığını, şirkətin Kompleks Qazma İşləri Trestinin "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsinə fəhlə vəzifəsinə işə düzəltmək adı ilə ondan və həmkəndlisi Zaur Quliyevdən müəyyən məbləğdə pul alındığını bildirib.

"Neft Daşları" DQİİ-də qazmaçı köməkçisi vəzifəsində çalışan Rizvan Gülüşov bu məsələ ilə bağlı verdiyi izahatda Elmin Səfərovu və Zaur Quliyevi işə düzəltmək adı ilə aldadaraq onların etibarından sui-istifadə edib pul aldığını etiraf edib.

ARDNŞ rəhbərliyi Rizvan Mətləb oğlu Gülüşovun əməlində Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətinin əlamətləri olduğu üçün daxili təhqiqat zamanı toplanmış materialları onun əməllərinə hüquqi qiymət verilməsi məqsədilə hüquq-mühafizə orqanlarına təqdim edib.

Bir müddət əvvəl isə şirkətin Kompleks Qazma İşləri Trestinin "Bayıl Limanı" Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsində Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin rəisi Mehdiyev Fərhad Mehdi oğlunun 2 nəfərdən pul alaraq, onları "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsində işə düzəltməsi haqqında şikayətlər daxil olub.

Şikayətlər ARDNŞ-nin Baş ofisinin Audit Departamenti tərəfindən səlahiyyətləri çərçivəsində araşdırılıb, onun izahatı alınaraq müvafiq hüquq-mühafizə orqanına göndərilib.

Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması təmin edilib və barəsində toplanmış cinayət işinin materialları baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

ARDNŞ ölkə vətəndaşlarının nəzərinə çatdırır ki, onun idarə və müəssisələrində işə düzəltmək haqqında verilən vədlərə aldanaraq fırıldaqçı əməllərin girovuna çevrilməsinlər. Dövlət Neft Şirkətinə işə qəbul yalnız və yalnız vakant yerlər üzrə müraciət edən vətəndaşların bilik, bacarıq və səriştəsi Şirkətin İnsan Resursları Departamenti tərəfindən yoxlanılmaq şərti ilə həyata keçirilir və bu prosesdə iddiaçıların peşə keyfiyyətləri həlledici rol oynayır.

Xəbər lenti

Xəbər lenti