...

Almaniyada azərbaycanlılar hökumətə etiraz məktubu göndəriblər

Cəmiyyət Materials 25 Avqust 2011 17:57 (UTC +04:00)
Almaniyada yaşayan azərbaycanlılar Baden-Vürtemberq əyalətinin hökumət rəhbərliyinə və Ştutqart şəhərinin baş bələdiyyə rəisinə açıq etiraz məktubu göndəriblər.
Almaniyada azərbaycanlılar hökumətə etiraz məktubu göndəriblər

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir T.Hacıyev/

Almaniyada yaşayan azərbaycanlılar Baden-Vürtemberq əyalətinin hökumət rəhbərliyinə və Ştutqart şəhərinin baş bələdiyyə rəisinə açıq etiraz məktubu göndəriblər.

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) sentyabrın 16-dan 22-dək Almaniya Federativ Respublikasında keçiriləcək Ermənistan Mədəniyyəti günləri çərçivəsində nəzərdə tutulan "20 il Dağlıq Qarabağ Respublikası" adlı konsert proqramına qarşı yazılı etiraz aksiyası təşkil edib. Bu barədə cümə axşamı Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Yazılı etiraz aksiyasına Almaniyada fəaliyyət göstərən bir sıra cəmiyyətlər, o cümlədən Avropa Azərbaycanlıları Konqresi, Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası, Hannover şəhərində fəaliyyət göstərən "Xəzər" Cəmiyyəti, Maqdeburq şəhərində fəaliyyət göstərən Saksen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan Dostluq Cəmiyyəti, Drezden şəhərində fəaliyyət göstərən ALM.AZ cəmiyyəti, Berlin-Bakı Qalereyası, Almaniyadakı Türk-Azərbaycan Birliyi və Almaniya-Azərbaycan Dostluq Cəmiyyəti qoşulublar.

Məktubda Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasəti, BMT-nin qəbul etdiyi qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilməməsi, Azərbaycan Respublikasının dünyada tolerant bir dövlət kimi tanınması və Azərbaycanda demokratiyanın inkişafı barədə məlumat verilib, ermənilər tərəfindən dırnaqarası tədbirlərin qarşısının alınmasının vacibliyi və bu cür haqsızlığa qarşı etiraz öz əksini tapıb.

Məktubu həmyerlilərimizlə yanaşı, yəhudi və alman icmalarının nümayəndələri də imzalayıblar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti