Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycan Marketinq Cəmiyyətinin (AMC) Xarici İşlər Nazirliyinin dəstəyi ilə nəşr etdirdiyi "Azərbaycanın ixrac kataloqu - 2011" nəşrinin təqdimat mərasimi keçirilib.
Trend-in məlumatına görə, bazar ertəsi keçirilən təqdimat mərasimini giriş sözü ilə AMC-nin idarə heyətinin sədri Rəhim Hüseynov açıb. O, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı üçün nəşrin əhəmiyyətindən danışıb və bundan sonra da bu tipli layihələrin həyata keçiriləcəyini vurğulayıb.
Onun sözlərinə görə, kataloq Azərbaycanın səfirlikləri vasitəsilə xarici ölkələrdə paylanılacaq.
Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bu kataloqun Azərbaycanın ixrac potensialının təşviqində əhəmiyyətli iş görəcəyini deyib. O qeyd edib ki, bu gün 60-dan çox xarici ölkədə Azərbaycanın səfirlikləri və nümayəndəlikləri fəaliyyət göstərir.
"Biz bütün səfirliklərə bu kataloqu verəcəyik və səfirliklərin bu kataloqu yaymağını təşviq edəcəyik", - Məmmədquliyev əlavə edib.
Nazir müavini AMC-yə tövsiyə edib ki, kataloq gələcəkdə fransız və ispan dillərinə də tərcümə edilsin.
Millət vəkili İlham Məmmədov öz çıxışı zmaanı qeyd edib ki, bu kataloqun hazırlaması Azərbaycan iqtisadiyyatı üçün töhfədir.
"Akkord" korporasiyasının nümayəndəsi Bəhruz Əliyev öz növbəsində təmsil etdiyi şirkətin də xarici əlaqələrinin genişlənməsində bu kataloqun mühüm rol oynayacağını qeyd edib.