...

Sarkisyan "Qarabağ kartı"ndan istifadə etməyə hazırlaşır

Cəmiyyət Materials 20 Sentyabr 2011 18:01 (UTC +04:00)
Ermənistanda cəmiyyət həyatının bütün sahələrində müşahidə olunan sürətli geriləmə ilə əlaqədar siyasi aktivliyin, sosial narazılığın artması hakimiyyəti çıxılmaz vəziyyətə salıb.
Sarkisyan "Qarabağ kartı"ndan istifadə etməyə hazırlaşır

Ermənistanda cəmiyyət həyatının bütün sahələrində müşahidə olunan sürətli geriləmə ilə əlaqədar siyasi aktivliyin, sosial narazılığın artması hakimiyyəti çıxılmaz vəziyyətə salıb.

Trend-in icmalçısı Teymur Hacıyev

Ermənistanın kütləvi informasiya vasitələrində aparılan monitorinqin təhlili göstərir ki, ölkədə sosial-iqtisadi vəziyyət getdikcə gərgin məcrada inkişaf edir. Belə ki, 2011-ci ilin iyul ayında açıqlanmış dövlət büdcəsinin yerinə yetirilməsinə dair hesabata görə, cari ilin birinci rübündə büdcənin gəlir hissəsi 0,7 faiz (11 milyon dollar), məxaric hissəsi isə 11,5 faiz (124 milyon dollar) kəsirlə yerinə yetirilib.

Nüfuzlu beynəlxalq iqtisadi və maliyyə qurumlarının hesabatları təsdiq edir ki, qlobal iqtisadi böhranın fəsadlarından qurtula bilməyən Ermənistanda yoxsulluq həddi 27 faizdən 46 faizədək yüksəlib, əhalinin maddi gəlirlərinin inflyasiya göstəricilərinə uyğun olmaması sosial çətinliklərin miqyasını artırıb. Belə vəziyyətdə əhalinin hakimiyyətdən narazılığının artması təbiidir.

Ermənistanda sosial-iqtisadi vəziyyətin bu dərəcədə gərginləşməsi xaricə kapital axınının artmasına səbəb olub. Belə ki, Gürcüstanın müvafiq qurumlarının məlumatlarına əsasən, hazırda erməni sahibkarlar fəal şəkildə öz aktivlərini bu ölkəyə köçürürlər.

Yerli ekspertlərin, beynəlxalq təşkilatların, eləcə də xarici KİV-in (ABŞ-ın "Forbes" jurnalı, "Huffington Post" qəzeti) gəldiyi nəticəyə görə, dünyanın ən zəif iqtisadiyyata malik ölkələrindən hesab edilən Ermənistanda, belə gedərsə, vəziyyətin daha da pisləşməsi istisna edilmir.

Hakimiyyət sosial problemləri həll etmək iqtidarında olmadığından və etirazların qarşısını repressiv üsullarla almağa üstünlük verdiyindən, əhali çıxış yolunu ölkəni tərk etməkdə görür. Məlumata görə, il ərzində 60-70 min erməni immiqrasiya etmək üçün xarici ölkələrə üz tutur. Maraqlıdır ki, Ermənistanın rəsmi şəxsləri də bu faktı artıq gizlədə bilmirlər və açıq şəkildə etiraf etmək məcburiyyətində qalıblar. Eyni tendensiya Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda da müşahidə edilir.

Miqrasiya ilə bağlı bu cür acınacaqlı vəziyyət ölkə ziyalılarını da narahat etməyə başlayıb. Artıq ölkədən əmək qabiliyyətli insanların davamlı miqrasiyasının fəlakət həddinə çatdığını etiraf edən bir qrup erməni ziyalı vəziyyətə müdaxilə etmək üçün Ermənistan parlamentinin spikerinə və Baş nazirə müraciət ediblər.

Bu da istisna edilmir ki, mövcud şərait hazırkı Serj Sarkisyan iqtidarının vaxtından əvvəl hakimiyyətdən getməsinə və növbədənkənar parlament seçkilərinin keçirilməsinə də yol aça bilər.

Problemlər ordudan da yan keçməyıb. Ermənistan ordusuna çağırışçı çatışmazlığı, hərbi qulluqçular arasında tez-tez qarşılıqlı münasibətlərin pozulması, atəşkəs dövründə ölümlə nəticələnən insidentlərin və intihar hallarının baş verməsi Ermənistan əhalisinin hərbi xidmətdən yayınmasına, ordunun döyüş qabiliyyətinə inamın zəifləməsinə səbəb olur və bu da öz növbəsində ictimai-siyasi mühitə öz mənfi təsirini göstərir.

Ekspertlərin fikrincə, Ermənistanda sosial problemlərin, əhalinin onsuz da aşağı həddə olan yaşayış səviyyəsinin payız-qış mövsümündə ağırlaşmasının ictimai-siyasi vəziyyəti daha da pisləşdirəcəyi, kütləvi etiraz aksiyalarının qarşısını almaq üçün hakimiyyətin repressiv metodlara əl atması nəticəsində iqtidar-müxalifət münasibətlərinin daha da gərginləşəcəyi gözlənilir. Hətta növbədənkənar parlament və prezident seçkiləri ilə bağlı tələblərin sərtləşəcəyi də realdır. Belə bir şəraitdə Sarkisyan iqtidarının daxili problemlərdən diqqəti yayındırmaq məqsədilə ənənəvi olaraq "Qarabağ kartı"ndan istifadə etməyə cəhd göstərəcəyi istisna deyil.

Xəbər lenti

Xəbər lenti