Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
İran Mazandaran vilayətində "quş qripi"nin aşkarlanması ilə bağlı Azərbaycana qonşu dövlət kimi rəsmi şəkildə məlumat təqdim etsə və ya bu barədə Beynəlxalq Epizodik Büroya məlumat verərsə, Azərbaycan iş adamlarına İrandan quş əti və quşçuluq məhsulları gətirilməsinə icazə verməyəcək. Bunu çərşənbə günü Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.
Onun sözlərinə görə, Azərbaycana İranın Mazandaran vilayətində "quş qripi"nin aşkarlanması ilə bağlı heç bir rəsmi sənəd daxil olmayıb.
"Əlimizdə rəsmi sənəd olmadığı üçün iş adamlarına heç nə deyə bilmərik. Buna baxmayaraq, sərhəd və gömrük keçid məntəqələrinə tapşırılıb ki, ərazilərində xəstəlik olub-olmamasından asılı olmayaraq, İran, Gürcüstan, Türkiyə və Rusiyadan Azərbaycana qeyri-qanuni quş əti və quşçuluq məhsulları gətirilməsin", - Dövlət Baytarlıq Xidmətinin rəsmisi bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan İrandan toyuq əti idxal etmir.
"Quş qripi"nin bir ölkədən digərinə köçəri quşlar və hər hansı məhsul vasitəsilə keçdiyini xatırladan Xanvəlinin sözlərinə görə, bu xəstəliyin köçəri quşlarla Azərbaycan keçməsi də gözlənilmir.
"Quşların miqrasiyası noyabrda Yer qütbünün şimalından cənubuna doğru başlayacaq. Amma havalar daha tez soyuqlaşarsa, miqrasiya daha tez ola bilər. Miqrasiya başlandıqda monitorinqlərə başlayacayıq", - Xanvəli əlavə edib.
O, xatırladıb ki, hazırda Azərbaycanda "quş qripi" ilə bağlı vəziyyət sabitdir. Buna baxmayaraq, heç bir ölkə bu virusdan sığortalanmayıb. Bu xəstəlik hər bir ölkədə müşahidə oluna bilər.
Azərbaycanın cənubunda, Xəzər dənizi sahilində yerləşən İranın Mazandaran əyalətində "quş qripi" epidemiyası təhlükəsi ilə bağlı quş əti və diri quşun satışı qadağan olunub. Bu barədə İran mətbuatı məlumat yayıb.
Mazandaran əyalətinin bəzi şəhərlərində quş qripi epidemiyasının geniş yayılması ilə bağlı məlumatlar verilib, lakin hələlik Mazandaranın şərq zonasında belə hallar müşahidə edilməyib.