...

Baş Prokurorluq Tovuz rayon Tibbi Sosial-Ekspert Komissiyası sədrinin həbsi ilə bağlı məlumat yayıb

Cəmiyyət Materials 23 Sentyabr 2011 15:13 (UTC +04:00)
Baş Prokurorluq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon 28 saylı Tibbi Sosial-Ekspert Komissiyasının sədrinin həbsi ilə bağlı məlumat yayıb.
Baş Prokurorluq Tovuz rayon Tibbi Sosial-Ekspert Komissiyası sədrinin həbsi ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Baş Prokurorluq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon 28 saylı Tibbi Sosial-Ekspert Komissiyasının sədrinin həbsi ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, vətəndaş Cəfər Yusifovun ona əlillik dərəcəsinin təyin olunması üçün ondan 1000 manat rüşvət tələb edilməsi barədə sentyabrın 17-də "Qaynar xətt" əlaqə mərkəzinə etdiyi müraciəti üzrə təxirəsalınmaz tədbirlər həyata keçirilib və cinayət törətmiş şəxslər ifşa olunaraq məsuliyyətə cəlb olunublar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon 28 saylı Tibbi Sosial-Ekspert Komissiyasının sədri Rəhim Məmmədov və həmin komissiyanın ekspert-cərrahı Əli Həsənov cinayət əlaqəsinə girərək, tələb olunan zəruri sənədləri komissiyaya təqdim edən və dəfələrlə müraciət edən Cəfər Yusifova 2-ci qrup əlillik dərəcəsinin təyin olunmasının 1000 manat müqabilində mümkün olacağını bildirməklə ondan rüşvət istəyiblər.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində sentyabrın 21-də Rəhim Məmmədov və ekspert-cərrah Əli Həsənov 28 saylı Tibbi Sosial Ekspert Komissiyasının fəaliyyət göstərdiyi binada Cəfər Yusifovdan 1000 manat rüşvət alarkən cinayət başında yaxalanıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 311.3.1-ci (bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb, Rəhim Məmmədov və Əli Həsənova həmin maddələrlə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti