...

Yerevandakı binaların 60 faizi zəlzələyədavamlı deyil

Cəmiyyət Materials 7 Dekabr 2011 18:45 (UTC +04:00)
Yerevandakı binaların 60 faizi zəlzələyədavamlılıq baxımından çox aşağı səviyyədədir.
Yerevandakı binaların 60 faizi zəlzələyədavamlı deyil

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir M.Salmanov/

Yerevandakı binaların 60 faizi zəlzələyədavamlılıq baxımından çox aşağı səviyyədədir. Trend-in "Armenia Today" saytına istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Ermənistan Milli Seysmik Müdafiə Xidmətinin binaların və tikililərin zəlzələyədavamlılıq şöbəsinin müdiri Qurgen Namalyan deyib.

Onun sözlərinə görə, 1960-cı illərdə və 1970-ci illərin ilk yarısında Yerevanda və Ermənistanın digər şəhərlərində tikilən binaların zəlzələyədavamlılığı çox aşağı səviyyədədir və onlar yalnız 9 bal gücündə zəlzələyə hesablanıb. Ekspert qeyd edib ki, Yerevan və Ermənistanın digər iri şəhərləri üçüncü seysmik zonada yerləşir ki, burada zəlzələnin gücü 9 balı ötə bilər.

Bu evlərin hazırkı vəziyyətinə toxunan Namalyan deyib ki, onların zəlzələyədavamlılığını yuxarı mərtəbələrdə titrəyişlərin dinamik keçiriciləri vasitəsilə möhkəmləndirmək olar. Lakin o hesab edir ki, bu, həmişə məqsədəuyğun deyil. Belə ki, yeni binaları sökmək və tikmək möhkəmləndirməkdən daha ucuz başa gəlir.

Yeni tikililərə gəlincə, ekspert deyib ki, yeni texnologiyalar, biliklər və texnika hesabına zəlzələ zamanı ziyanı minimuma endirməyin mümkün olduğu zəlzələyədavamlı binalar tikmək olar.

O qeyd edib ki, Yerevanda binaların 60 faizi zəlzələyədavamlı deyil. Paytaxtda 9 baldan artıq gücdə zəlzələ baş verərsə, insan tələfatı 300 min nəfərə, maddi zərər isə Spitak zəlzələsi ilə müqayisədə daha çox ola bilər. Namalyan xatırladıb ki, 1988-ci il dekabrın 7-də baş vermiş Spitak zəlzələsi zamanı 25 mindən artıq insan ölmüş, 19 min nəfər əlil olmuş, 20 mindən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri almış, 514 min nəfər evsiz qalmış, iqtisadi zərər isə 12 milyard dolları ötmüşdü.

Xəbər lenti

Xəbər lenti