Azərbaycan, Bakı, 15 dekabr / Trend, müxbir K.Zərbalıyeva/
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi övladlığa götürmə sistemində mərkəzləşdirilmiş nəzarətin yaradılmasını təklif edir.
Komitənin Hüquqi təminat şöbəsinin müdir müavini Elgün Səfərov cümə axşamı Trend-ə bildirib ki, yerli icra hakimiyyəti orqanlarının nəzdində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların, Qəyyumluq və himayə orqanlarının məhdud kadr potensialına və texniki bazaya malik olması, fəaliyyətlərinin yalnız edilən müraciət əsasında qurulması çətin sosial vəziyyətdə olan uşaqların və ailələrin müdafiəsinin təmin edilməsi sahəsində aparılan islahatları ləngidir.
Komitə rəsmisi bildirib ki, Azərbaycanda ölkələrarası və daxili övladlığa götürmə sahəsində mərkəzi nəzarət mexanizminin yaradılmasını vacib sayır.
Səfərov deyib ki, Fransa, Rusiya, İtaliya və digər dövlətlərin təcrübəsində ölkələrarası və daxili övladlığa götürmə vahid qurum vasitəsilə həyata keçirilir.
"Azərbaycanda ölkələrarası və daxili övladlığa götürmə ilə bağlı səlahiyyətlərin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə verilməsi təklif olunur", - o deyib və bildirib ki, bu mexanizmin yaradılması beynəlxalq öhdəliklərin yerinə yetirilməsində mühüm addım olar.
Komitə rəsmisinin sözlərinə görə, Azərbaycan qanunvericiliyində övladlığa götürmək istəyənlərin yuxarı və aşağı yaş hədləri qeyd edilməyib. Qanunvericilikdə yalnız qeyd olunub ki, övladlığa götürənlərin yaşı 16-dan aşağı ola bilməz.
Xarici ölkələrin təcrübəsini nümunə gətirən müdir müavini deyib ki, aşağı yaş həddi 23, yuxarı yaş həddi 60 yaş müəyyən olunmalıdır.
"Övladlığa götürən şəxslə övladlığa götürülən uşağın yaş fərqi 18-dən az və 50-dən çox olmamalıdır. Biz Ailə Məcəlləsinin 121-ci maddəsinə belə bir dəyişikliyin edilməsini təklif etmişik", - Səfərov deyib.
Komitə xaricə övladlığa vermədə olduğu kimi, ölkədaxili övladlığa vermədə də hesabatların verilməsini zəruri sayır.
Səfərovun sözlərinə görə, Komitə hər iki övladlığa götürmə halında hesabatların verilmə müddətinin 5 il müəyyən edilməsini təklif edir.
O, hazırda bu təkliflərin müzakirə mərhələsində olduğunu deyib.
Azərbaycanda övladlığa götürmə sistemində mərkəzləşdirilmiş nəzarətin yaradılması təklif olunur
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi övladlığa götürmə sistemində mərkəzləşdirilmiş nəzarətin yaradılmasını təklif edir.
