Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda bələdiyyə sədrləri bələdiyyə sahəsindəki qanunvericiliyə edilən son əlavə və dəyişikliklərlə bağlı məlumatlandırılıblar.
Trend-in məlumatına görə, çərşənbə axşamı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi və Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələri milli assosiasiyalarının təşkilatçılığı ilə "Yerli özünüidarəetmə sahəsində yeni qanunvericilik və bələdiyyə işinin təkmilləşdirilməsi" mövzusunda seminar keçirilib.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) maliyyə dəstəyi ilə təşkil olunmuş seminarda Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin, Milli Məclisin Regional məsələlər komitəsinin, Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqının, Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələri milli assosiasiyalarının, Milli Arxiv İdarəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələri, bələdiyyə sədrləri, üzvləri və s. iştirak ediblər.
Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə yerli özünüidarəetmənin təkmilləşdirilməsi ilə bağlı ölkəmizdə həyata keçirilən işlərdən, yerli sosial problemlərin həllində bələdiyyələrin iştirakı ilə bağlı qarşıda duran vəzifələrdən danışıb.
O, sosial-iqtisadi inkişaf prosesində bələdiyyələrin fəallığının ildən-ilə artdığını bildirib.
Səlimzadə bələdiyyələrin fəaliyyətində bəzi nöqsan və çatışmazlıqların olduğunu bildirib. Qeyd edib ki, bu nöqsanlar və qanun pozuntuları bələdiyyə əmlakının idarə olunması, maliyyə vəsaitlərinin xərclənməsi sahəsində müşahidə edilir.
O bildirib ki, bu nöqsanlar bəzi bələdiyyə rəhbərlərinin həm təcrübəsizliyi, həm işə məsuliyyətsiz yanaşmaları, həm də qanunları mükəmməl bilməmələri səbəbindən baş verir.
Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Pənah Cahangirov, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev və Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Əbülfəz Babayev tədbirin əhəmiyyətindən danışıblar.
Tədbirdə çıxış edənlər vurğulayıblar ki, cəmiyyətdə inkişaf getdikcə bələdiyyələrlə bağlı qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilir.
GİZ-in "Yerli Özünüidarəetmə Proqramı"nın ölkə üzrə rəhbəri Katarina Lampe Azərbaycanda bu sahədə görülən işləri yüksək qiymətləndirib.
Seminarda iştirak edən bələdiyyə nümayəndələri onları narahat edən məsələlərdən danışıb, dövlətin bələdiyyələrin fəaliyyətinə hərtərəfli kömək göstərdiyini yüksək qiymətləndirib, fəaliyyətlərində yol verilən nöqsanların aradan qaldırılmasının vacibliyini bildiriblər.
Qeyd olunub ki, bələdiyyələr yerli əhalinin üzləşdiyi sosial problemlərin həllində daha fəal olmalı və fəaliyyətlərində qanunçuluğa əməl olunmasını təmin etməlidirlər.
Tədbirdə "Yerli özünüidarəetmə sahəsində yeni qanunvericilik", "Bələdiyyələrdə arxiv işinin təşkili", "Bələdiyyə torpaqları üzərində mülkiyyət hüququnun tanınması məsələləri" və "İnsan hüquqlarının qorunması işində bələdiyyələrin rolu" mövzularında məruzələr olub, müzakirələr aparılıb.