Azərbaycan, Bakı, 17 yanvar / Trend müxbir İ.İsabalayeva/
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu il Dünya Bankı ilə birgə Azərbaycan əhalisi arasında qeyri-infeksion xəstəliklərin qarşısının alınması üçün strategiya və tədbirlər planı hazırlamağı planlaşdırır. Bunu Trend-ə ÜST-nin Azərbaycan nümayəndəliyinin qeyri-infeksion xəstəliklər üzrə mütəxəssisi Sevil Əsədova deyib.
Onun sözlərinə görə, ürək-damar, onkoloji, diabet və qeyri-infeksion respirator xəstəliklərin daxil olduğu qeyri-infeksion xəstəliklər dünyada, eləcə də Azərbaycanda insan ölümünün səbəbləri arasında ilk yeri tutur.
ÜST-nin qeyri-infeksion xəstəliklər üzrə qlobal statuslu sonuncu hesabatına görə, 2008-ci ildə dünyada 57 milyon insan dünyasını dəyişib ki, onların da 36 milyon nəfəri qeyri-infeksion xəstəliklərdən vəfat edib. Azərbaycanın rəsmi statistikasına görə, ölkədə insan ölümünün əsas səbəbləri sırasında ilk yeri ürək-damar, ikinci yerdə isə onkoloji xəstəliklər tutur. 2008-ci ildə aparılmış təhlillərə əsasən, Azərbaycanda bütün ölümlərin 87 faizi qeyri-infeksion xəstəliklərin payına düşür.
ÜST rəsmisinin sözlərinə görə, amma əhali arasında risk faktorları azalsa, qeyri-infeksion xəstəliklər də cavanlaşmayacaq.
Əsədova bildirib ki, Azərbaycanda ilk dəfə olaraq, qeyri-infeksion xəstəlikləri yaradan risk faktorları araşdırılıb. Bu xəstəliklərin qarşısının alınması üçün strategiya və tədbirlər planı da həmin araşdırma əsasında hazırlanacaq. Araşdırma ÜST, Dünya Bankının dəstəyi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən həyata keçirilib. Hazırda araşdırmanın hesabatı hazırlanır.
Əsədova deyib ki, qeyri-infeksion xəstəliklərin 8 risk faktoru var. Həmin faktorların 4-ü insanın davranışı (tütünçəkmə, alkoqoldan istifadə, fiziki aktivliyin olmaması, sağlam qidalanmama), 4-ü bioloji faktorlarla (qan təzyiqi, qanda şəkərin, xolestrolun miqdarı, bədən çəkisi) bağlıdır. Araşdırma zamanı müəyyən çətinliklər olduğu üçün respondentlərin qanında xolestrolun miqdarının yoxlanılması mümkün olmasa da, qalan 7 faktor üzrə əhali arasında mövcud olan vəziyyətlə bağlı araşdırma aparılıb. Ümumilikdə araşdırmada ölkənin bütün bölgələrindən olan 2000 respondent iştirak edib.
Araşdırma zamanı məlum olub ki, Azərbaycan əhalisi arasında qeyri-infeksion xəstəliklər üzrə daha çox tütünçəkmə və sağlam qidalanmama ilə bağlı risk faktorları var. Amma bunlardan ən təhlükəli risk faktoru tütünçəkmədir. Çünki tütün çəkən yalnız özünə deyil, ətrafındakı insanın sağlamlığına da ziyan vurur.
Azərbaycanda tütündən istifadə edən qadınların sayının artdığı deyilsə də, araşdırma zamanı belə qadınların sayının 1 faizdən az olduğu məlum olub. Tütünçəkənlər arasında kişilər çoxluq təşkil edib. Araşdırma zamanı respondentlərin çoxunun ictimai və iş yerlərində passiv tütünçəkməyə məruz qaldığı üzə çıxıb. Bu insanların da arasında kişilər çoxluq təşkil edib.
Araşdırma zamanı o da məlum olub ki, əhali arasında qeyri-infeksion xəstəliklərin yaranmasına imkan verən sağlam qidalanmama ilə bağlı darisk faktoru var. Araşdırmada iştirak edən respondentlərin bədən çəkisinin artıqlığı (piylənmədən əvvəlki etap) və piylənmə müşahidə edilir.
Əsədovanın sözlərinə görə, bədən çəkisinin artıqlığı kişilərə nisbətən qadınlarda özünü daha çox göstərir. Bununla yanaşı, ölkədə meyvə-tərəvəzin bol olmasına baxmayaraq, əhali ondan da az istifadə edir. Eyni zamanda, qadınlar idmanla az məşğul olurlar. İdmanla məşğul olanların əksəriyyəti gənc kişilərdir. Buna görə də, qadınlar arasında piylənmə geniş yayılıb.