Azərbaycan, Bakı, 25 yanvar /Trend müxbir İ.İsabalayeva/
Azərbaycanda psixiatriya yardımı göstərən həkimlər öz pasiyenti haqqında məlumatların yayılmasına görə məsuliyyət daşıyacaqlar.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin qeyri-infeksion və psixi sağlamlıq üzrə mütəxəssisi Sevil Əsədovanın çərşənbə günü Trend-ə verdiyi məlumata görə, "Psixiatriya yardımı haqqında" Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda öz əksini tapıb.
Qanuna əsasən, psixiatriya yardımı göstərən mütəxəssislər pasiyent barədə məlumatlardan yalnız həmin peşə dairəsində və psixiatriya yardımı göstərmək üçün zəruri olan həddə istifadə edə bilərlər.
Bununla yanaşı, Azərbaycanda psixi pozuntusu olan xəstə ilə bağlı məlumatların alınması da məhdudlaşdırılıb. Əsədova deyib ki, bəzi hallarda qohumları və tanışları psixi pozuntusu olan xəstənin sağlamlıq durumu ilə bağlı məlumatları yayır və bu məlumatlardan müxtəlif məqsədlər üçün istifadə edirlər. Buna görə də həmin xəstələrin hüquqlarının qorunması üçün onların sağlamlığının vəziyyəti və göstərilən psixiatriya yardımı ilə bağlı məlumatlar konfidensial hesab edilir. Psixi sağlamlığının vəziyyəti və ona psixiatriya yardımı göstərilməsi haqqında məlumatlardan yalnız həmin şəxsin özü və buna qanunvericilikdə nəzərdə tutulmuş qaydada icazə verilmiş şəxs sərbəst şəkildə istifadə edə bilər. Pasiyentin məlumatları əldə etmək hüququ yalnız onun səhhətinə ciddi zərərlərin qarşısının alınması və digər insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə məhdudlaşdırıla bilər.
Artıq pasiyentə qulluq edən ailə üzvləri də psixi pozuntusu olan xəstə ilə bağlı bütün məlumatları ala bilməzlər. Həmin ailə üzvləri yalnız öz yardımlarının yerinə yetirilməsinə aid olan məlumatı əldə edə bilərlər. Pasiyentə zərər törədə biləcək məlumatlar isə onlara verilmir.
Müəssisə rəhbərliyi hazırda psixiatriya yardımı alan və ya əvvəllər bu yardımı almış şəxsə göstərilən yardım tədbirləri barədə məlumatları onun özünün və ya qanuni nümayəndəsinin yazılı müraciətindən sonra 2 gün ərzində təqdim etməlidir.
Psixi pozuntusu olan şəxslərin dövlət tibb müəssisələrində pulsuz psixiatriya yardımı almaq hüququ var. Qanun psixi pozuntusu olan xəstələrə iki yeni əlavə hüquq da verib. Bu hüquqlara görə, tibbi vasitələrdən və üsullardan istifadə etməklə pasiyent cəzalandırıla, yaxud ondan başqa şəxslərin mənafeyi üçün istifadə edilə bilməz. Bununla yanaşı, qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmadığı hesab edilən, qeyri-könüllü psixiatriya yardımı göstərilən və ya tibbi xarakterli məcburi tədbirlərə cəlb edilən şəxslər üzərində tibbi-bioloji eksperimentlər aparmaq və psixi pozuntunun müalicəsində qarşısıalınmaz nəticələr doğuran cərrahiyyə üsullarından istifadə etmək qadağandır.
Əsədova deyib ki, psixi pozuntunun diaqnozu müasir diaqnostika prinsiplərinə və beynəlxalq standartlara uyğun olaraq həkim-psixiatr tərəfindən təyin edilməlidir. Amma artıq sahə həkimlərinə də xəstələrin psixi durumu ilə bağlı müayinə aparmaq və psixiatriya xəstəliklərinin yüngül formalarıni müalicə etmək, ilkin diaqnoz qoymağa icazə verilib. Azərbaycanın hər rayon və şəhərində psixiatr həkim olmadığı üçün sahə həkimləri tərəfindən xəstələrə psixi pozuntunun aradan qaldırılması üçün ilkin diaqnoz qoyulması zərurəti yaranıb. Amma bu həkimlərin qoyduğu ilkin diaqnoz psixi pozuntusu olan insanın məcburi hospitallaşdırılmasına, psixiatriya qeydiyyatına götürülməsinə və digər sosial-hüquqi məsələlərin həllinə əsas vermir.
Pasiyentin hazırkı psixi pozuntusunun diaqnozu ona əvvəllər təyin edilən diaqnoz ilə uyğun olmadıqda o, psixiatriya müəssisəsinin həkim-məsləhət komissiyasının və ya yüksək ixtisaslı həkim psixiatrın (tibb elmləri doktoru, professor, dosent) qərarı ilə dəyişdirilə və ya ləğv edilə bilər.
Ölkədə beynəlxalq təsnifatda qeyd edilməyən psixi pozuntu diaqnozlarının təyin edilməsinə də artıq qadağa qoyulub. Həkimlər xəstələrə psixi pozuntunun diaqnozunu yalnız beynəlxalq təsnifat əsasında təyin etməlidirlər.
Əsədova deyib ki, psixi pozuntusu olan şəxslərin psixiatriya stasionarına yerləşdirilməsinə yalnız ambulator müalicənin məqsədəuyğun olmadığı və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün stasionardankənar yardımın səmərəsiz olduğu hallarda icazə verilir. Şəxsin psixiatriya stasionarında qalması imkan daxilində mümkün qədər qısa olmalıdır. Stasionar müalicəyə ehtiyac olmadıqda pasiyent dərhal psixiatriya stasionarından çıxarılmalıdır. Bununla yanaşı, qanunla müəyyən edilmiş əsaslar olduqda, cinayət törətməmiş psixi pozuntusu olan şəxs iradəsindən asılı olmayaraq, psixiatriya müəssisəsinə məcburi qaydada yerləşdiriləcək və müalicə olunacaq.
Qanunda qeyri-könüllü hospitallaşdırma müddətinin uzadılması məsələsində də dəyişiklik edilib. Yeni dəyişikliyə əsasən, bu zaman müalicə üç aydan çox çəkdikdə xəstənin psixiatriya müayinəsi hər üç ayda azı bir dəfə aparılmalıdır.
Əsədovanın sözlərinə görə, Azərbaycanda daimi yaşayan və vətəndaşlığı olmayan şəxslərin qanunda Azərbaycan vətəndaşları üçün nəzərdə tutulmuş psixiatriya yardımı üzrə bütün hüquqlardan istifadə etməsi dayandırılıb.
O bildirib ki, sovet dövründə psixi pozuntusu olan xəstələr Azərbaycanda pulsuz müalicə oluna bilirdilər. Amma artıq onlara burada yalnız ilkin tibbi yardım göstərilə bilər, qalan tibbi xidmətləri isə onlar öz ölkələrində almalıdırlar.