...

Trend BİA-da Azərbaycan və Rusiya ekspertlərinin iştirakı ilə "dəyirmi masa" keçirilib (FOTO)

Cəmiyyət Materials 16 Fevral 2012 16:14 (UTC +04:00)
Trend Beynəlxalq İnformasiya Agentliyində azərbaycanlı və rusiyalı alim və politoloqların iştirakı ilə "Rusiya tarixi ili"nə həsr edilmiş "dəyirmi masa" keçirilib.
Trend BİA-da Azərbaycan və Rusiya ekspertlərinin iştirakı ilə "dəyirmi masa" keçirilib (FOTO)

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir E.Tariverdiyeva/

Trend Beynəlxalq İnformasiya Agentliyində azərbaycanlı və rusiyalı alim və politoloqların iştirakı ilə "Rusiya tarixi ili"nə həsr edilmiş "dəyirmi masa" keçirilib.

Bu tədbirlər silsiləsinin təşəbbüskarı qismində Möskva Dövlət Universitetinin (MDU) Tarix fakültəsi, Heydər Əliyev Fondu, "Vestnik Kavkaza" Analitik-İnformasiya Agentliyi və "Şimal-Cənub" Politoloji Mərkəzi çıxış ediblər.

MDU-nun Tarix fakültəsinin dekanı, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Sergey Karpov videomüraciətdə "dəyirmi masa" iştirakçılarını salamlayıb.

"Dəyirmi masa"da Rusiya tərəfdən MDU-nun Analitik İnformasiya Mərkəzinin baş direktoru Aleksey Vlasov (moderator), "Vestnik Kavkaza" AİA-nın baş direktoru İsmayıl Ağakişiyev, İctimai-Siyasi Araşdırmalar Mərkəzinin direktoru Vladimir Yevseyev, Azərbaycan tərəfdən politoloqlar Fikrət Sadıxov və İlqar Vəlizadə, "Novosti-Azerbaydjan" İnformasiya Agentliyinin rəhbəri Gülnarə Məmmədzadə və "İnterfaks-Azerbaydjan" İnformasiya Agentliyinin rəhbəri Aleksandr İvanov iştirak ediblər.

Görüş iştirakçıları yeni dialoq meydançalarının yaradılması, elmi və informasiya kommunikasiyaları mexanizmlərinin inkişafı vasitəsilə ümumi tarixi məkanın qorunmasına həmrəy cəhdlərini ifadə ediblər.

"Rusiya bu il bir neçə böyük tarixi yubileyləri bayram edir və birlikdə yaşadığımız bütün bayram və faciəvi hadisələr bizim üçün qarşılıqlı münasibətlərdə çox vacib birləşdirici amil olaraq qalır", - Vlasov qeyd edib.

Məmmədzadənin sözlərinə görə, SSRİ-nin dağılmasından sonra bir çox əhəmiyyətli hadisələr baş verdi və həmin hadisələr sayəsində Azərbaycan və Rusiya münasibətlərini yenidən qura bilərlər.

"İki ölkənin ekspert ictimaiyyəti, o cümlədən ümumi tarix məkanında mövcud olma imkanlarının yaxşı anlaşılması üçün səylərini birləşdirməlidir", - o bildirib.

Ağakişiyevin sözlərinə görə, tarixi faktların balanslaşdırılmış və qərəzsiz işıqlandırılması keçmişi başa düşmə və indiyə qədər aydınlaşmayan bir çox suallara cavabların axtarışı üçün çox vacibdir.

"Bu gün Bakıda MDU-nun Tarix fakültəsinin çoxsaylı məzunları yaşayır. Onlar ölkənin siyasi həyatına təsir edirlər, lakin Rusiyada bir çox illər ərzində ruslarla yanaşı yaşamış keçmiş SSRİ xalqları haqqında etibarlı və tam təsəvvürü olan az adam var", - o vurğulayıb.

Onun sözlərinə görə, indiki nəslin tarixi faktları gələcək nəsillərə qərəzsiz şərh etməsi üçün tarixçilərin birgə işini təşkil etmək lazımdır.

Politoloq Sadıxov hesab edir ki, bu gün Rusiya və Azərbaycanın münasibətləri təkcə ölkə rəhbərlikləri arasında deyil, həmçinin siyasi elita və sadə vətəndaşlar arasında da strateji tərəfdaşlıq xarakteri daşıyır.

Onunla razılaşan Yevseyev qeyd edib ki, Rusiya və Azərbaycanın əməkdaşlıq etməsi üçün çoxlu sahələr var və bu, iki ölkə münasibətlərinin inkişafı üçün yaxşı əsasdır.

Xəbər lenti

Xəbər lenti