...

Azərbaycanda keçiriləcək beynəlxalq veloturla əlaqədar bəzi istiqamətlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət Materials 7 May 2012 14:22 (UTC +04:00)
Azərbaycanda keçiriləcək beynəlxalq velosiped turniri ilə əlaqədar mayın 9-dan 13-dək paytaxtda və respublikanın bəzi istiqamətlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Azərbaycanda keçiriləcək beynəlxalq veloturla əlaqədar bəzi istiqamətlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 7 may / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda keçiriləcək beynəlxalq velosiped turniri ilə əlaqədar mayın 9-dan 13-dək paytaxtda və respublikanın bəzi istiqamətlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş və ölkədə ilk dəfə olaraq 5 mərhələ üzrə keçiriləcək beynəlxalq velosiped yarışında çox sayda əcnəbi qonağın iştirakını nəzərə alaraq və veloturda küçə və prospektlərdə hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq.

Yarışın birinci mərhələsi mayın 9-da Azadlıq meydanı, Neftçilər prospekti boyunca Azneft dairəsi, Nobel prospekti, Zığ şosesi və geriyə, ikinci mərhələ mayın 10-da Azadlıq meydanı, Rəşid Behbudov küçəsi ilə Bakıxanov, Tbilisi prospekti, Bakı-Quba-Şamaxı-İsmayıllı marşrutu üzrə keçiriləcək.

Turnirin 3-cü mərhələsi mayın 11-də Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ, 4-cü mərhələ mayın 12-də İsmayıllı-Qəbələ marşrutu üzrə keçiriləcək.

Mayın 13-də yarışın 5-ci mərhələsi keçiriləcək. Beşinci mərhələdə saat 09:00-dan paytaxtın Azadlıq və Azneft meydanları, Neftçilər, Parlament, Hüseyn Cavid, İnşaatçılar, Bülbül prospektlərində, Niyazi, Sona Vəliyeva, Teymur Elçin, Mehdi Hüseyn, Bakıxanov, Səməd Vurğun və Şəmsi Bədəlbəyli küçələri boyunca 10 dövrə vurulması nəzərdə tutulub.

Bütün mərhələlərdə yarış davam edən müddətdə yuxarıda qeyd olunan küçə və prospektlərdə yollar bağlanacaq.

Əsədov deyib ki, bu marşrutlar üzrə həmin küçə və prospektlərə kəsişən bütün yollarda sədlər və xüsusi nişanlar qoyulacaq və istiqamətlər dəyişdiriləcək. Bu barədə əlavə məlumatın veriləcəyi bildirilir.

Sürücülərdən xahiş olunur ki, həmin istiqamətlərdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər.

Xəbər lenti

Xəbər lenti