Azərbaycan, Bakı, 17 may /Trend/
Vergilər Nazirliyində "Azərbaycanın vergi jurnalı"nın ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə magistrantlar arasında "Vergi siyasəti və modernləşən iqtisadiyyat" mövzusunda keçirdiyi referat yazılışı üzrə 2-ci respublika müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib.
Nazirlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, müsabiqənin təşkil edilməsində məqsəd Azərbaycanın ali təhsil müəssisələrinin magistrantları arasında vergi sahəsində araşdırmalar aparan ən yaxşı tədqiqatçıları üzə çıxarmaq, vergi mövzusunun gənc tədqiqatçılar arasında populyarlığını artırmaq və bu sahədə mütəxəssislərin hazırlığını stimullaşdırmaqdır.
Müsabiqəyə referatların qəbulu bir aydan çox davam edib, ölkənin müxtəlif ali məktəblərində təhsil alan magistrantlardan 26 iş daxil olub. Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının I kurs magistrantı Abdullayeva Yenilə Ələkbər qızı 1-ci yerə, Azərbaycan Dövlət İqtisad Universitetinin I kurs magistrantı Cəfərov Abid Xalid oğlu 2-ci yerə, Azərbaycan Dövlət Neft Akademiyasının I kurs magistrantı Vəlizadə Səftər Vəli oğlu 3-cü yerə layiq görülüblər. Təşkilat Komitəsi qaliblərə diplom və qiymətli mükafatlar, müsabiqədə fəal iştirak etmiş magistrantların hər birinə isə jurnalın təşəkkürnaməsini təqdim edib.
"Azərbaycanın vergi jurnalı" 2003-cü ildə Vergilər Nazirliyi tərəfindən təsis edilmiş müstəqil, resenziyalı elmi nəşrdir. 2012-ci ilədək "Azərbaycanın vergi xəbərləri" adı ilə nəşr edilib. Cari ildən 2700 nüsxədə dərc edilən jurnal ölkənin iqtisad elmi ilə bağlı olan bütün təhsil və elmi tədqiqat ocaqlarına, həmçinin dünyanın bir sıra nüfuzlu mərkəzi kitabxanalarına göndərilir. Jurnalda Azərbaycan, türk, ingilis və rus dillərində vergilərlə bağlı problemlərin və vergi işinin ümumi konseptual məsələlərini əhatə edən elmi məqalələr dərc olunur. Jurnalın web-ünvanı: www.vergijurnali.az; www.taxjournal.az