Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İ.İsabalayeva/
17 iyun - Səhiyyə işçilərinin peşə bayramı münasibətilə səhiyyə nazirinin müavini Elsəvər Ağayevin Trend-ə müsahibəsi
- İlk növbədə, Sizi səhiyyə işçilərinin peşə bayramı münasibətilə təbrik edirəm.
- Artıq 11-cu ildir ki, Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı qeyd olunur. Bu bayramı səhiyyə işçilərinə ulu öndərimiz Heydər Əliyev 2001-ci ildə imzaladığı sərəncamla bəxş edib. Səhiyyə işçilərinin bayramı Azərbaycan Demokratik Respublikasında Səhiyyə Nazirliyinin yarandığı günə təsadüf edir. Ona görə də bu günü peşə bayramımız kimi qeyd edirik.
- Səhiyyə Nazirliyi son dövrlərdə Azərbaycanın səhiyyə sistemində hansı uğurlara nail olub və qarşıda hansı yeniliklər gözlənilir?
- Son illərdə səhiyyəmizdə olan inkişaf göz qabağındadır. Ölkəmizin iqtisadiyyatı inkişaf edir, ölkə rəhbərimiz sosial, o cümlədən səhiyyə sahəsinə xüsusi diqqət yetirir. Səhiyyə daim yenilən sahədir. Ona görə də bu gün səhiyyə sistemində görülən işlər bir necə ildən sonra özünü göstərə bilir. 2003-cü ildən sonra Azərbaycan səhiyyəsi daim inkişaf edir. Səhiyyə müəssisələrinin maddi-texniki bazası müasir səviyyədə qurulur, kadr hazırlığı, tibb təhsilin yenilənməsi istiqamətində çox ciddi addımlar atılır. Ötən illər ərzində dövlət büdcəmizdə də çox ciddi dəyişikliklər olub. 2003-cü ildən səhiyyə sisteminə dövlət büdcəsindən ayrılan vəsaitlər 15 dəfəyə qədər artıb. Artıq səhiyyə sisteminin büdcəsi 650 milyon manatdan da yüksəkdir. Səhiyyəyə ayrılan büdcə vəsaitləri çox səmərəli istifadə olunur. İlk növbədə səhiyyə sistemində səhiyyə müəssisələrinin maddi-texniki bazasına diqqət göstərilir, uzun illər diqqətsiz qalmış tibb müəssisələrinin vəziyyəti yaxşılaşdırılır, onlar müasir dünya standartları səviyyəsində inşa, təmir olunur. Son 6 ildə 400-dən artıq tibb müəssisəsi yenidən tikilib, əsaslı şəkildə qurulub, onların maddi-texniki bazası yenilənib. Bu proses davam edir. Yəqin ki, növbəti illərdə bizim ölkəmizdə təmir olunmamış, müasir səviyyədə qurulmamış səhiyyə obyektləri qalmayacaq.
- Azərbaycanda tibbi xidmətin yaxşılaşdırılması üçün hansı işlər görülüb?
- Səhiyyə sistemimizin digər əsas prioriteti əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsidir. Bu istiqamətdə də çox işlər görülüb, Dövlət Proqramları qəbul olunub. Xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin problemləri, onkoloji, şəkərli diabet xəstələrinin, ana və uşaq sağlamlığının qorunmasına yönəlmiş Dövlət Proqramları çərçivəsində minlərlə xəstələrimiz şəfqət tapırlar. Azərbaycan üçün çox önəmli olan irsi qan xəstəlikləri-talassemiya, hemofiliya kimi xəstələrin problemləri də artıq ölkəmizdə öz həllini tapıb. Əvvəllər bu xəstələr dövlətin qayğısı ilə əhatə oluna bilmirdilər, onlar üçün ayrılmış maliyyə vəsaiti kifayət qədər deyildi. İndi isə yalnız qan xəstəliklərindən əziyyət çəkən uşaqların problemlərinin həlli üçün 20 milyon manatdan artıq vəsait sərf olunur. Xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələr də dövlət hesabına hemodializ müalicəsi ala bilirlər. Bakı və regionlarda yaradılan 20-dən artıq Hemodializ Mərkəzində müalicə alan xəstələr normal həyatlarını yaşaya bilirlər. Möhtərəm prezidentimizin tapşırığı ilə vaxtilə Dövlət Neft Şirkəti tərəfindən inşa olunan, hazırda Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən, regionlarda əhaliyə yüksək səviyyəli tibbi xidmət göstərmək üçün yaradılan Müalicə Diaqnostika Mərkəzlərində də xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələr üçün hemodializ aparatları var və xəstələrimiz həmin aparatlarla müalicə olunurlar. Bu sahə Heydər Əliyev Fondu da ciddi dəstək verir. Fond tərəfindən xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələr üçün 50-dək aparat Səhiyyə Nazirliyinə bağışlanılıb. Fondun dəstəyi sayəsində irsi qan xəstəliyi ilə əlaqədar Dövlət Proqramı qəbul olunub. Azərbaycanda regionda analoqu olmayan Talassemiya Mərkəzi yaradılıb. Artıq bir necə ildir ki, bu mərkəz belə xəstələrə xidmət edir. Heydər Əliyev Fondu ürək xəstəliyindən əziyyət çəkən uşaqların problemlərinin həllinə də çox böyük dəstək göstərir. Vaxtilə ürək qüsuru ilə doğulan uşaqların əməliyyatını, müalicəsini özəl müəssisələrdə, Mərkəzi Neftçilər Xəstəxanasında və bır sıra ölkələrdə Heydər Əliyev Fondu həyata keçirdi. Artıq Azərbaycanda Səhiyyə Nazirliyinin Uşaq Cərrahiyyə Mərkəzi yaradılıb. Burada ürək qüsurundan əziyyət çəkən uşaqlar əməliyyat olunurlar. Mərkəzdə əməliyyatların həyata keçirilməsi üçün buraya ilkin mərhələdə xarici ölkələrdən də mütəxəssislər dəvət olunurdusa, artıq Azərbaycanda olan kadrların hesabına bu məsələlər öz həllini tapır. Bunlardan əlavə, əvvəl ölkədə böyrək transplantasiyası həyata keçirilmirdisə, bu problem də öz həllini tapıb. Cavadzadə adına Uroloji Xəstəxanada artıq uğurlu böyrək köçürmə əməliyyatları həyata keçirilir.
- Azərbaycan səhiyyə sistemində qarşıya qoyulan hədəflər nədən ibarətdir?
- Azərbaycan səhiyyəsinin beynəlxalq əlaqələri də genişlənir. Ötən il Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-cı sessiyası Azərbaycanda keçirildi. Bu sessiyada dünya səhiyyəsinin hədəfləri müəyyənləşdi. Azərbaycan da 2020ci ilədək bu hədəfləri öz qarşısına qoyub. Bu hədəflər kimi biz ilk növbədə gördüyümüz işləri davam etdirməliyik. Səhiyyə müəssisələrinin maddi-texniki bazası tam şəkildə yenidən qurulmalıdır. Ölkəmizdə yenidən qurulmamış tibb müəssisəsi qalmamalıdır. Kadr hazırlığı, kadr potensialının artırılması istiqamətində görülən işlər gücləndirilməlidir. Ötən il ölkədə və ölkədən kənarda 700-dək kadr hazırlığı həyata keçirilib. Eyni zamanda, dünyanın adı-sanlı tibb mütəxəssisləri Azərbaycana dəvət olunub, onlar tərəfindən kurslar təşkil olunub. Bu istiqamətdə işlər davam etdirilməlidir. Biz kadr hazırlığına fikir verməliyik. Bu gün kadrların dövlət xətti ilə də ölkədən kənarda hazırlanması davam etdirilir və gələcəkdə bu işlərin daha da genişləndiriləcəyi gözlənilir. Yeni dövlət proqramları, qanunlar qəbul olunur. Məsələn, bu il dağınıq sklerozla əlaqədar dövlət proqramı qəbul olunub. Bununla bağlı lazım olan normativ sənədlər artıq Səhiyyə nazirliyi tərəfindən hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.
- Azərbaycanda uşaqların nə zamandan pnevmaniya xəstəliyinə qarşı peyvənd edilməsi nəzərdə tutulur?
- Bu gün Azərbaycanda uşaqların yoluxucu xəstəlikdən qorunması üçün inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, 10 xəstəliyə qarşı peyvənd edilir. Bu ildən etibarən körpələr daha bir qorxulu infeksiyaya - Hemofilus B infeksiyasına qarşı planlı peyvəndə cəlb olunublar. Gələn ildən isə uşaqlar pnevmoniya xəstəliyinə qarşı da peyvənd ediləcəklər. Artıq Azərbaycanın immunprofilaktika çərçivəsində çox uğurlu addımları var. Bır sıra xəstəliklərin kökü kəsilib, poliemelit, difteriya, göy öskürək kimi xəstəliklərə artıq Azərbaycanda rast gəlinmir.
- Azərbaycanda insanların gözlənilən orta ömür uzunluğu nə qədər olub?
- Azərbaycanda insanların ömür uzunluğu artıb. İndi insanların orta ömrü 73,6 ildir. Kişilərdə bu göstərici təxminən 70, qadınlarda 76 ildir. Orta rəqəm isə 73,6 ildir. Sözsüz ki, səhiyyə xidmətləri də bu nəticələrə öz müsbət təsirini göstərir. Azərbaycanda körpə ölümü göstəriciləri də enib. Körpə ölümü göstəricisi son illərdə 14,5-dən 10,8-ə qədər enib. Ana ölümünün əmsalı 31 idi, indi bu göstərici 15,1-ə qədər enib.
- Azərbaycanda bütün tibb işçiləri nə zaman sertifikasiyadan keçmiş olacaqlar?
- Azərbaycanda səhiyyə işçilərinin sertifikasiyasına artıq başlanılıb. Düşünürəm ki, yaxın 5 il ərzində tibb işçilərinin hamısı sertifikasiyadan keçiriləcək. Səhiyyə işçiləri tibbi fəaliyyətlə məşğul olmaq üçün 5 ildən bir sertifikasiyadan keçməlidirlər. Bununla bağlı da müsbət nəticələr var. Bu proses daimi aparılacaq.
- Bu gün Azərbaycanın dərman bazarındakı vəziyyəti necə qiymətləndirirsiniz?
- Dərmanların keyfiyyətinə nəzarət SN-nin prioritet məsələlərindən biridir. Əvvəllər keyfiyyəti şübhə doğuran və aşağı olan preparatlara çox rast gəlinirdi. Amma artıq dərman bazarında keyfiyyətsiz dərmanlara az rast gəlinir, son vaxtlar artıq saxtalaşdırılmış dərmanlara rast gəlinmir. Çünki SN bu sahədə işini çox düzgün qura bilib. Sözsüz ki, dünyanın hər yerində saxta dərmanlara rast gəlinir. Çünki işbazlar bu gəlirli sahədə daim yeniliklər axtarırlar. Dərmanlar keyfiyyətsiz ola bilər. Bu, dərmanın istehsal seriyasında olan hansısa problemlə bağlı ola bilər. Bu barədə istehsalçı özü də bizi xəbərdar edir, biz də analiz nəticəsində belə halları aşkarlaya bilirik. Azərbaycanın dərman bazarına daxil olan hər bir dərman preparatının seriyası yoxlanıldıqdan, ona analiz sertifikatı verildikdən sonra idxala icazə verilir.
- İyunun 1-dən içlik vərəqələri Azərbaycan dilində olmayan dərmanların ölkəyə idxalı dayandırılıb. Bu qərarın qüvvəyə minməsindən artıq bir müddət ötüb. SN bu sahədəki vəziyyəti yenidən araşdıra bilib?
- Dərmanların içlik vərəqələri hökmən Azərbaycan dilində olmalıdır. Yəqin ki, bir müddətdən sonra SN tərəfindən bu məsələnin nəzarətinə başlanacaq. Biz 1 ildən artıq idi ki, dərman şirkətlərini bununla bağlı xəbərdar etmişdik. Onlara bildirmişdik ki, içlik vərəqələri Azərbaycan dilində olmayan dərmanlar Azərbaycana idxal edilə bilməz. Çünki bu, qanunla təsbit olunur. Artıq iyunun 1-dən bu qadağa qüvvəsindədir.