...

Bakıda gün vuran insanlar əsasən cavanlardır

Cəmiyyət Materials 28 İyun 2012 14:08 (UTC +04:00)
Azərbaycan paytaxtında günvurma diaqnozu ilə müraciət edənlər əsasən cavanlardır.
Bakıda gün vuran insanlar əsasən cavanlardır

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan paytaxtında günvurma diaqnozu ilə müraciət edənlər əsasən cavanlardır. Bunu cümə axşamı Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkiminin müavini Zemfira Vahidova deyib.

Onun sözlərinə görə, iyunun 5-dən indiyədək günvurma diaqnozu ilə 34 nəfər stansiyaya müraciət edib. Müraciət edənlərin 6-sı uşaq olub. Gün vurmuş insanların ən yaşlısı 78 yaşlı kişi olub.

"Həmin şəxs iyunun 23-də Sabunçu bazarında açıq havada satışla məşğul olub. Ona görə də onu gün vurub. Amma ümumilikdə götürdükdə gün vuranlar arasında yaşlı adamlara çox az rast gəlinir. Çünki günün qızmar saatlarında yaşlı adamlar daha çox evdə olurlar. Cavanlar isə adətən küçədə olurlar", - Vahidova deyib.

O bildirib ki, dünən günvurma diaqnozu ilə müraciət edən 2 nəfər 29 və 38 yaşlı qadınlar olub.

Baş həkimin müavininin sözlərinə görə, gün vurmuş xəstələr adətən ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılırlar. Yalnız xəstənin vəziyyəti ağır olduqda xəstəxanaya yerləşdirilir. İndiyədək stansiyaya günvurma diaqnozu ilə müraciət etmiş 34 nəfərdən 11-i xəstəxanaya yerləşdirilib ki, onların da 4-ü uşaq olub.

Vahidova indiyədək günvurmadan insan ölümünün baş vermədiyini də qeyd edib.

Xəbər lenti

Xəbər lenti