Azərbaycan, Bakı, 1 avqust / Trend müxbir M.Əliyev/
Azərbaycanın gələcəkdə də tolerant və mədəniyyətlərarası dialoq üçün yaxşı bir məkan olaraq qalması üçün gənclərimizi bu yöndə tərbiyə etməliyik. Trend-in məlumatına görə, bunu çərşənbə günü "Şəms Təbrizidən Mövlanəyədək. İrfan xəzinsəindən Azərbaycan izləri" mövzusunda keçirilən elmi konfransda çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov bildirib.
"Azərbaycanlı gənclərin düzgün tərbiyə olunmasında, düzgün mövqe tutmasında, digər mədəniyyətlərə hörmətlə yanaşmasında ziyalıların rolu böyükdür", - o deyib.
İsgəndərov qeyd edib ki, Azərbaycan bu gün mədəniyyətlərarası dialoq üçün gözəl məkandır.
"Biz bundan sonra da mədəniyyətlərarası dialoqun qorunub saxlanması və onun inkişaf etdirilməsi istiqamətində səylərimizi davam etdirməliyik. Ziyalılar, alimlər və açıq düşüncəli insanlar bu işə öz töhfəsini verə bilər", - komitə sədri bildirib.