...

Azərbaycanda küçə reklamlarını tənzimləyən yeni qurumun yaradılması təklif olunur

Cəmiyyət Materials 7 Avqust 2012 14:49 (UTC +04:00)
Azərbaycanda küçə reklamlarının dilinin, dizaynının təsdiq olunması üçün reklamların və təqdimat mətnlərinin yazılması üzrə peşəkar fəaliyyətlə məşğul olan şəxslərdən - kopirayterlərdən ibarət yeni qurum yaradılmalıdır.
Azərbaycanda küçə reklamlarını tənzimləyən yeni qurumun yaradılması təklif olunur

Azərbaycan, Bakı, 7 avqust /Trend müxbir M.Əliyev/

Azərbaycanda küçə reklamlarının dilinin, dizaynının təsdiq olunması üçün reklamların və təqdimat mətnlərinin yazılması üzrə peşəkar fəaliyyətlə məşğul olan şəxslərdən - kopirayterlərdən ibarət yeni qurum yaradılmalıdı, bunu çərşənbə axşamı Trend-ə Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev bildirib.

Onun sözlərinə görə, əsasən gənc kadrlardan ibarət qurumun Mədəniyyət və Turizm Nazirliyinin tərkibində yaradılması daha məqsədəuyğun olardı.

"İnkişaf etmiş ölkələrdə kopirayter olmadan heç bir reklam ortaya çıxmır. Həmin sahə üzrə ixtisaslaşmaq istəyən şəxslər yalnız xarici ölkələrdə müvafiq təhsil almaqla Azərbaycanda reklamların dilinin tənzimlənməsi, yoxlanılması istiqamətində fəaliyyət göstərə bilərlər. Reklamların dilinin, dizaynının tənzimlənməsi ilə yaşlı akademiklər, professorlar deyil, məhz bu sahənin peşəkarları məşğul olmalıdır", - Atakişiyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda kopirayter məktəbinin yaradılması artıq reklam bazarının tələbidir: "Hazırda ölkədə özəl reklam şirkətlərində "kopirayterlər" fəaliyyət göstərir, lakin onlar çörək pulu qazanmaqla məşğuldur, peşəkar deyillər. Onlar bu istiqamətdə müvafiq master-klaslar keçməlidirlər".

Küçə reklamlarında olan qüsurlara görə məsuliyyət məsələsinə gəldikdə, Atakişiyev bunun üçün müvafiq qanun və məcəllənin qəbul olunmasına ehtiyac olduğunu vurğulayıb.

"Azərbaycanda reklam fəaliyyəti haqqında qanun 1997-ci ildə qəbul olunub və həmin dövrdə reklam bazarı passiv idi. O qanun bugünkü dinamik reklam bazarına hesablanmayıb. Qanun və ondan irəli gələrək müvafiq məcəllənin qəbul olunması ilə bu məsələ öz həllini tapa bilər", - o deyib.

Prezident İlham Əliyevin 2012-ci il mayın 23-də "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" imzaladığı sə­rən­camın icrasını həyata keçirmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasında işçi qru­pu yaradılıb. İşçi qrupu küçə reklamlarının dilindəki problemlərin müzakirəsinə xüsusi yer ayırır.

Xəbər lenti

Xəbər lenti