...

Balakəndəki zəlzələ nəticəsində 360 evə ciddi ziyan dəyib

Cəmiyyət Materials 16 Oktyabr 2012 10:09 (UTC +04:00)
Oktyabrın 14-də Azərbaycanın Balakən rayonunda baş verən zəlzələ nəticəsində təxminən 360 evə ciddi ziyan dəyib.
Balakəndəki zəlzələ nəticəsində 360 evə ciddi ziyan dəyib

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Oktyabrın 14-də Azərbaycanın Balakən rayonunda baş verən zəlzələ nəticəsində təxminən 360 evə ciddi ziyan dəyib. Bunu çərşənbə axşamı Trend-ə Balakən rayon icra başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Azad Balayev deyib.

Onun sözlərinə görə, dünən axşama qədər 1100 evə baxış keçirilib.

Balayev bildirib ki, zəlzələ nəticəsində 54 sosial obyektə də müxtəlif dərəcəli ziyan dəyib.

"Sosial obyektlərin heç biri çox pis vəziyyətdə deyil. Amma onların hər birində çatlar var", - komissiya sədri deyib.

O, əlavə edib ki, zəlzələ ilə əlaqədar təxminən 10-15 ailə evlərini tərk edib. Onlar öz həyətlərindəki köməkçi tikililərdə və uyğunlaşdırılmış evlərdə məskunlaşıblar.

Balayev qeyd edib ki, ehtiyat çadırlar olsa da, indiyə kimi yalnız 1-2 ailə çadır götürüb.

Komissiya sədrinin sözlərinə görə, indiyədək zərərçəkənlərdən ərzaq təminatı və tibbi xidmətin göstərilməsi üçün müraciət edən olmayıb. O, bunu zəlzələnin ciddi dağıntılar yaratmaması ilə izah edib.

Balayev hazırda zəlzələ nəticəsində dəyən zərərin hesablanması istiqamətində iş aparıldığını da bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti