...

Milli Məclisin komitə sədrləri ezamiyyət və avtomobil məsələlərini qaldırıblar

Cəmiyyət Materials 15 Noyabr 2012 15:18 (UTC +04:00)
Milli Məclisin deputatlarının bəziləri xarici ezamiyyətə getməkdən beziblər, bəziləri isə xarici ezamiyyət üzünə həsrətdirlər.
Milli Məclisin komitə sədrləri ezamiyyət və avtomobil məsələlərini qaldırıblar

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir M.Əliyev/

Milli Məclisin deputatlarının bəziləri xarici ezamiyyətə getməkdən beziblər, bəziləri isə xarici ezamiyyət üzünə həsrətdirlər.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında qurumun 2013-cü il xərclər smetası barədə qanun layihəsinin müzakirəsi zamanı Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.

Onun sözlərində görə, bu səfərlərin beynəlxalq qurumlarda təmsil olunma prinsipi ilə həyata keçirilməsinə baxmayaraq, istənilən halda bu məsələ nəzərə alınmalıdır.

"10-15 ildir deputat kimi fəaliyyət göstərənlər var ki, xarici səfər üzünə həsrətdirlər. Onların da xarici ölkələrdə olması fəaliyyətləri üçün müsbət hal olardı", - Rəcəbli deyib.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov isə bildirib ki, Milli Məclisin komitə sədrlərinə yeni avtomobillərin verilməsinə baxmayaraq, köhnə avtomobillərin də istismarı davam etdirilməlidir.

"Biz həmin avtomobilləri birdəfəlik atmayacağıq ki. Parlamentin əmlakıdır və onlardan da istifadə etmək və yeni ildə onların da ehtiyat hissələrinin yenilənməsinə diqqət yetirmək lazımdır", - o deyib.

Layihə barədə Milli Məclisin İşlər İdarəsinin müdiri Firudin Hacıyev məlumat verib.

O qeyd edib ki, Milli Məclisə 2013-cü il üçün xərclər smetasına 18 milyon 529 min manat tələb olunur. Onun sözlərinə görə, əlavə olaraq yeni avtomobillərin alınması üçün 250 min manat, qonaqların qarşılanması və yerləşdirilməsi üçün 850 min manat, xarici ezamiyyət üçün 400 min manat, icarə və muzdlu xidmətlər üçün 200 min manat, dəftərxana ləvazimatları üçün 10 min manat, kommunal xərclərə 12 min 500 manat tələb olunur. Parlament üçün 200 ədəddən artıq avtomobil tutacaq avtoparkın tikilməsi də nəzərdə tutulur.

Milli Məclisin bu gün keçirilən iclasında qurumun 2013-cü il üçün xərclər smetası barədə qanun layihəsi qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti