...

Azərbaycanda piyadavurma hadisələrinin başlıca səbəbləri

Cəmiyyət Materials 21 Noyabr 2012 09:31 (UTC +04:00)
Azərbaycanda noyabrın 19-dan 25-dək respublika ərazisində "Piyadalar, diqqətli olun!" şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçirilir
Azərbaycanda piyadavurma hadisələrinin başlıca səbəbləri

Kamran Əliyev - DİN Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı - xüsusi olaraq Trend İA üçün

Azərbaycanda noyabrın 19-dan 25-dək respublika ərazisində "Piyadalar, diqqətli olun!" şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçirilir.

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq, piyada nizamlanmayan, yəni nizamlayıcının olmadığı, işıqforun qurulmadığı və ya söndürüldüyü, yaxud yanıb-sönən sarı rəngli işıq siqnalının işlədiyi piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər. Keçidi başa çatdıra bilməmiş piyadalar nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üstündə dayanıb gözləməlidirlər. Piyadalar yalnız hərəkətin təhlükəsizliyinə əmin olduqdan sonra və işıqforun siqnalını nəzərə almaqla yolu keçməyə davam edə bilərlər. Bu gün respublikamızın avtomobil yollarında, xüsusilə də paytaxtda baş verən piyadavurma hadisələrinin başlıca səbəbi piyadalar tərəfindən bu qaydaların kütləvi halda pozulmasıdır.

Təcrübələr göstərir ki, piyadaların əksəriyyəti hərəkət edən avtomobilin sürətini düzgün təyin edə bilmirlər. Məsələn, 70 km/saat sürətlə gələn nəqliyyat vasitəsinin sürətini 50-60 km/saat hesab edirlər və keçidin təhlükəsiz olacağını düşünərək yola çıxırlar, bu da qəzanın baş verməsinə şərait yaradır. Lakin piyadalar yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni düzgün təyin etmək üçün yadda saxlamalıdırlar ki, eni 7-10 metr olan yolu keçmək üçün 6-7 saniyə vaxt tələb olunur. Saatda 90 km sürətlə hərəkət edən avtomobilin saniyədə 25 metr, 60 km-lə hərəkət edən isə saniyədə 17 metr məsafə qət etdiyini nəzərə alsaq, yolu təhlükəsiz keçmək üçün piyada ilə yaxınlaşan nəqliyyat vasitəsi arasındakı məsafə, yaşayış məntəqələrində ən azı 100-150, yaşayış məntəqələrindən kənarda isə 150-200 metr olmalıdır. Yəni, yolu keçmək istəyən piyada yaxınlaşmaqda olan avtomobili reallıqda olduğundan təqribən 20-25 dəfə kiçik ölçüdə gördüyü halda hərəkətə başlaya bilər.

Piyadavurma hadisələrinin baş vermə səbəblərindən biri də işıqlandırılmamış küçə və yollarda piyadaların yolun hərəkət hissəsi ilə getmələri və ya bu cür yollarda avtomobillərin qarşısına qəflətən çıxmalarıdır. Piyadaların çoxunun nəqliyyat vasitələrini idarəetmə vərdişlərindən məlumatsız olduqlarına görə belə hərəkətlərin nə dərəcədə təhlükəli olmasını bəlkə də təsəvvürlərinə belə gətirə bilmirlər və onlara elə gəlir ki, sutkanın qaranlıq vaxtı yolu keçən piyada işıqları yanan avtomobili asanlıqla görürsə, demək sürücü də piyadanı bir o qədər yaxşı görür. Reallıqda isə sürücü yolun hərəkət hissəsindəki piyadanı yaxşı görə bilmir, xüsusilə də qarşıdan gələn nəqliyyat vasitəsinin işığı onun üzünə düşdükdə və piyadanın əynində tünd rəngli paltar olduqda. Yağmurlu hava şəraitində isə görünmə şəraiti bir az da çətinləşir.

Bu gün istər şəhər mərkəzində, istərsə də şəhər ətrafı yollarda çoxsaylı yerüstü və yeraltı piyada keçidləri inşa edilib, köhnələr bərpa olunub. Öz həyatının, təhlükəsizliyinin qeydinə qalan, qayda-qanuna hörmətlə yanaşan, polisin haqlı iradını eşitmək istəməyən insanlar bu keçidlərdən istifadə edirlər və sevindirici haldır ki, belə piyadaların sayı getdikcə artmaqdadır. Lakin elə piyadalar da var ki, nədənsə onlar üçün yaradılmış belə şəraitdən istifadə etmir, yolun hərəkət hissəsinə çıxmaqla həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə qarşısında qoyurlar. Əfsuslar olsun ki, belə piyadalara qarşı ictimai qınaq yaratmalı olan bəzi ziyalılarımız da qaydanı pozan piyadaya irad tutmaq əvəzinə özləri qayda pozuntularının iştirakçısına çevrilirlər.

Təhlillər göstərir ki, hər il respublikanın avtomobil yollarında qeydə alınan yol qəzalarının 35 faizi, paytaxtda isə 50 faizi piyadaların vurulması ilə bağlıdır və təkcə cari ilin 10 ayı ərzində ölkədə baş verən 856 piyadavurma qəzasında 313 nəfər ölüb, 610 nəfər yaralanıb. Qəzaların 231-i məhz piyadaların təqsiri üzündən baş verib və bu qəzalarda 86 nəfər dünyasını dəyişib, 148-i yaralanıb. Təhlillər onu da göstərir ki, piyadavurma qəzaları ən çox 25-40 yaşlarındakı insanlar tərəfindən törədilir və onların 35 faizi ölümlə nəticələnir. Ən çox ölümlə nəticələnən qəzalar isə 16-25 yaş arası gənclərin iştirakı ilə baş verir. Bu isə onların daha cəld və çevik olmalarına güvənərək tez-tez yol hərəkəti qaydalarını pozmaları və yolu keçərkən səbirsizlik göstərmələri səbəbindən baş verib. Əfsuslar olsun ki, piyada kimi qəzaya uğrayanlar sırasında azyaşlı uşaqlar da var. Uşaqlar əsasən valideynlərinin məsuliyyətsizliyi səbəbindən həlak olur, ağır xəsarətlər alırlar. Statistik məlumatlara görə, hər il yollarda həyatını itirən uşaqların sayı 40-50, yaralananların sayı isə 140-150 nəfər olur. Yol qəzalarının azyaşlı qurbanları əsasən məktəbyaşlı, yəni 7-dən 16 yaşadək olanlardır. Bu müddət ərzində piyada qismində 20 məktəbli həlak olub, 73-ü yaralanıb.

Bildiyiniz kimi, piyadavurma hadisələrinin qarşısının alınması məqsədilə kifayət qədər iş görülüb və atılmış addımlardan biri də piyadaların inzibati məsuliyyətinin gücləndirilməsi olmuşdur ki, bu da son 4 ayda qəzaların sayının azalmasına müsbət təsir göstərmişdir. Bundan əlavə qəzaların azalmasına təsir edən amillərdən biri də daxili işlər nazirinin müvafiq sərəncamına əsasən, polisin digər xidmətlərindən 110 əməkdaşın qayda pozan piyadalara qarşı mübarizəyə cəlb edilməsidir. Qeyd edim ki, 4 ay ərzində 20 mindən çox piyada qayda pozuntusuna yol verdiyinə görə inzibati məsuliyyətə cəlb edilərək 20 manat miqdarında cərimə olunub. Lakin biz bu sahəyə nəzarəti həyata keçirən bir orqan kimi hərəkət iştirakçıları arasında nizam-intizamı onları məsuliyyətə cəlb etmək yolu ilə deyil, maarifləndirmə yolu ilə yaratmağa daha çox üstünlük veririk və bu səbəbdən bütövlükdə ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək məqsədilə DİN rəhbərliyinin göstərişi ilə mütəmadi olaraq belə təhlükəsizlik tədbirləri keçiririk. Piyadalarla bağlı təhlükəsizlik həftəliyinin məhz noyabrın sonunda keçirilməsi isə hər il piyadavurma hadisələrinin bu vaxtlarda artması ilə bağlıdır. Ümid edirik ki, yaşından asılı olmayaraq bütün hərəkət iştirakçıları bu tədbirdə nümunəvi davranışla iştirak edəcək, qaydalara riayət etməklə həm özlərinin, həm də digər insanların həyatını təhlükəyə atmayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti