...

Bakıda gənclərin Avrointeqrasiya modeli müzakirə olunur

Cəmiyyət Materials 28 Yanvar 2013 12:34
Bu gün Bakıda "Gənclərin Avrointeqrasiya Modeli" Forumu keçirilib.
Bakıda gənclərin Avrointeqrasiya modeli müzakirə olunur

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda "Gənclərin Avrointeqrasiya Modeli" Forumu keçirilib.

Trend-in məlumatına görə, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) tərəfindən təşkil olunan Forumda Azərbaycanın millət vəkilləri, dövlət qurumlarının, gənclər və ictimai təşkilatların nümayəndələri, Azərbaycanda akkreditə olunmuş xarici ölkə səfirləri və digər qonaqlar iştirak edib.

Forumda Azərbaycanda vətəndaş cəmiyyətinin quruculuğunda QHT-lərin rolu, Avropa təsisatlarında Azərbaycan gəncliyinin aktivliyi, avrointeqrasiya prosesində İKT-nin rolu və Azərbaycanın təcrübəsi, Azərbaycan-Avropa strateji siyasətin istiqamətləri, Avropaya inteqrasiya prosesində Azərbaycanda həyata keçirilən gənclər siyasəti, Azərbaycan-NATO əlaqələri və s mövzularda müzakirələr aparılıb.

Forumun keçirilməsində məqsəd Azərbaycanın Avrointeqrasiya prosesində gənclərin rolunu, Azərbaycanın beynəlxalq imicinin daha da möhkəmləndirilməsində Avrointeqrasiyanın əhəmiyyətini vurğulamaqdır.

Tədbiri giriş sözü ilə açan AGAT-ın sədri Gülsel Səfərova bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sona Avrointeqrasiyaya qədəm qoyub. "Təbii ki, bu illər ərzində bu proses sürətlə inkişaf edib və forumun keçirilməsində əsas məqsəd gənclərin bu istiqamətdə verə biləcəyi töhfələri önə çəkməkdir", - Səfərova deyib.

Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının İctimai təşkilatlarla iş sektorunun müdiri Elmar Paşayev "Azərbaycanda vətəndaş cəmiyyətinin quruculuğunda QHT-lərin rolu" adlı məruzə ilə çıxış edərək bildirib ki, bu gün əsas məqsəd insanların ictimai proseslərlə bağlı təşkilatlanmalarıdır və bu işdə QHT-lərin rolu danılmazdır.

"Bü gün Azərbaycanda 2700-dən artıq QHT var və dövlətimiz onlara öz dəstəyini göstərir. Ölkə başçısının sayəsində QHT-lərə diqqət artmaqdadır", - Paşayev deyib.

Daha sonra tədbirdə "Avropaya inteqrasiya prosesində Azərbaycanda həyata keçirilən gənclər siyasəti" adlı məruzə ilə çıxış edən Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, bu gün həyata keçirilən gənclər siyasətinin əsas istiqamətlərindən biri gənclərin beynəlxalq əməkdaşlığına dəstək vermək və onların beynəlxalq layihələrini dəstəkləməkdir.

"Bu illərdə çalışdıq ki, gənclərimizin əcnəbi həmyaşıdları ilə görüşlərini daha da artıraq. Düşünürəm ki, biz artıq qarşıya qoyulan hədəfə çatmışıq. Belə ki, əvvəl əcnəbi gənclər bizim gənclərimizə nəyisə öyrədirdisə, artıq bu gün onlar Azərbaycan gənclərindən öyrənirlər", - Babayev deyib.

O, qeyd edib ki, 2006-2012-ci illərdə Avropa Gənclər Fondu tərəfindən Azərbaycan QHT-lərinin 140-dan çox layihəsi dəstəklənib, 30-dan artıq Azərbaycan QHT-si beynəlxalq gənclər qurumuna üzvdür ki, onun da 20-si Avropanın payına düşür.

Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin rəhbəri Roland Kobia "Avropaya inteqrasiya prosesində şərq tərəfdaşlığı siyasətində Azərbaycanın rolu" mövzusunda danışaraq bildirib ki, Azərbaycan Avropa üçün vacib bir ölkədir. "Yeni nəslin necə yetişməsi və onların qtniq prosesdə, etnik iqtisadiyyatda necə iştirak etməsi Avropanı çox düşündürür", - Kobia deyib.

O vurğulayıb ki, Avropa hər zaman çalışır ki, Azərbaycana siyasətdə, iqtisadiyyatda, gənclərin birgə əməkdaşlığında dəstək olsun.

"Avrointeqrasiya prosesində İKT-nin rolu: Azərbaycanın təcrübəsi" adlı məruzə ilə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, Azərbaycanda texnologiya sahəsində baş verən inkişaf nəticəsində ölkə başçısı bu ili "İKT ili" elan edib.

"Azərbaycanın inkişafında Avropaya inteqrasiya əsas predmetlərdən biridir. Bu gün Azərbaycanda internet istifadəçilərinin sayı 70 faizə çatıb və bu da Avropa inteqrasiya prosesini daha da sürətləndirir", - Vəlizadə deyib.

Daha sonra tədbirdə müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti