...

Şirvan və Gəncədə qan xəstəliklərindən əziyyət çəkənlər üçün yeni mərkəzlər fəaliyyətə başlayacaq

Cəmiyyət Materials 19 Fevral 2013 17:06 (UTC +04:00)
Bu ilin iyun-iyul aylarında qanda laxtalanma faktorlarının çatışmazlığından, o cümlədən hemofiliya xəstəliyindən əziyyət çəkən insanlar üçün Şirvan və Gəncədə regional laborator diaqnostik mərkəzlərinin fəaliyyətə başlayacağı gözlənilir.
Şirvan və Gəncədə qan xəstəliklərindən əziyyət çəkənlər üçün yeni mərkəzlər fəaliyyətə başlayacaq

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin iyun-iyul aylarında qanda laxtalanma faktorlarının çatışmazlığından, o cümlədən hemofiliya xəstəliyindən əziyyət çəkən insanlar üçün Şirvan və Gəncədə regional laborator diaqnostik mərkəzlərinin fəaliyyətə başlayacağı gözlənilir.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının (HXRA) rəhbəri Gülnarə Hüseynova çərşənbə axşamı Trend-ə bildirib ki, bu mərkəzlər assosiasiyanın İsveçrənin Novo-Nordisk Hemofiliya Fondu ilə birgə icra etdiyi "Azərbaycan regionlarında vətəndaşlara xidmətin təkmilləşdirilməsi" layihəsi çərçivəsində yaradılacaq.

Hüseynova deyib ki, Gəncədəki mərkəzdən ətrafdakı 13, Şirvandakı mərkəzdən isə 9 rayonun xəstələri istifadə edə biləcəklər. Layihənin gedişatı ilə maraqlanmaq məqsədilə İsveçrənin Novo-Nordisk Hemofiliya Fondunun eksperti Denize İnayxen fevralın 18-dən Azərbaycanda səfərdədir. Fevralın 20-si axşam yekunlaşacaq səfər zamanı bır sıra rəsmi görüşlərin də keçirilməsi nəzərdə tutulur. Səfər çərçivəsində artıq ekspert Şirvanda mərkəzin yaradılacağı ərazi ilə tanış olub və layihənin gedişatından razılığını bildirib.

Hüseynova deyib ki, bu səfər zamanı may ayında Türkiyədən Azərbaycana bir qrup tanınmış hematoloq-həkimlərin gəlməsi və onların ölkəmizdəki həkimlər üçün təkmilləşdirmə kursları keçirməsi qərara alınıb.

Bu ilin əvvəlindən həyata keçirilən layihə 1 il 6 ay davam edəcək. Bu müddətdə Gəncə və Şirvanda regional laborator diaqnostik mərkəzləri yaradılacaq, hematoloq-həkimlər təkmilləşdiriləcək, xəstələr maarifləndiriləcək. Layihənin ümumi dəyəri 90 min avrodur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti