Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir İ.İzzət/
Ombudsman Avstriyanın Milli Şurasının ikinci prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Avstriyanın Milli Şurasının ikinci prezidenti Fritz Neugebauerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Müvəkkil ölkəmizdə ombudsman təsisatının yaradılması, mandatı, səlahiyyətləri, habelə insan hüquqları sahəsində fəaliyyəti barədə geniş məlumat vermişdir. O, təsisatın 10 ildən artıq müddətdə səmərəli fəaliyyət göstərdiyini, BMT tərəfindən Milli İnsan Hüquqları İnstitutu kimi yüksək "A" statusuna layiq görüldüyünü vurğulayıb. Müvəkkil nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində çalışdığını, ona verilmiş yeni səlahiyyətləri diqqətə çatdırıb.
Süleymanova bu günlərdə Brüsseldə Ombudsmanların II Sammitində iştirak etdiyini, biznes və insan hüquqlarına həsr edilmiş bu toplantıda müzakirə edilən məsələ ilə bağlı təkliflər verdiyini söyləyib.
Müvəkkil bildirib ki, "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunun respublikamız tərəfindən ratifikasiya olunduğunu nəzərə alaraq Ombudsman təsisatı milli preventiv mexanizm kimi müəyyən edilmişdir. Bundan başqa, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə nəzarət də ombudsmana həvalə olunub.
"Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın (MFP) təsdiq edildiyini, bu Proqramın həyata keçirilməsinin əlaqələndirilməsi üzrə İşçi Qrupunun fəaliyyətinə rəhbərliyin ombudsmana tövsiyə olunduğu bildirilib. Bu yaxınlarda MFP-nin təbliği məqsədilə ombudsman tərəfindən ölkəmizin bütün rayonlarında ictimai dinləmələrin keçirildiyini diqqətə çatdırılıb.
Müvəkkil qonağın yuvenal ədliyyə sistemi ilə bağlı sualına cavab olaraq müvəkkilin fəaliyyətində bu məsələyə mühüm yer ayrıldığını, Ombudsman Aparatında qanunla münaqişədə olan uşaqların hüquqlarının müdafiəsi ilə bağlı treninq keçirildiyini, bu maarifləndirmə tədbirində BMT-nin uşaq hüquqları üzrə tanınmış eksperti J. E.Doekin iştirak etdiyini vurğulayıb. Süleymanova uşaqların və yeniyetmələrin cəzalandırılması prosesində həbs-qətimkan tədbirinin sonuncu vasitə kimi və ən qısa müddətə seçilməsinin vacibliyini önə çəkmiş, alternativ üsullara üstünlük verilməsini məqsədəuyğun hesab edib.
Ölkəmizdə humanizm və ədalət prinsiplərinə əsaslanaraq, 54 əfv sərəncamının imzalandığı və 9 amnistiya aktının həyata keçirildiyi, fəaliyyət göstərdiyi müddət ərzində Ombudsmanın vəsatətləri üzrə ümumilikdə 391 məhkumun, o cümlədən qadın, yeniyetmə, ahıl, əlil, ağır xəstə olan və başqa məhkumların əfv edilərək azadlığa buraxıldığı bildirilib.
Ombudsman hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində polis əməkdaşları, hakimlər və hakimliyə namizədlər üçün treninq seminarların təşkil olunduğunu, təsisatda qaynar xəttin fəaliyyət göstərdiyini, insan hüquqları pozuntusu ilə bağlı alınan hər bir məlumata dərhal reaksiya verildiyini, zənglər vasitəsilə daxil olan müraciətlər əsasında göstərilən yerlərə baxışlar keçirdiyini və müvafiq tədbirlər görüldüyünü vurğulayıb.
Süleymanova hüquqi maarifləndirməyə də böyük diqqət yetirildiyini söyləyib və təsisatda hazırlanmış hüquqi nəşrlər barədə məlumat verib.
Qonaqlar ombudsmanın insan hüquqları sahəsində çoxşaxəli fəaliyyətini yüksək dəyərləndirib, onunla əməkdaşlıqda maraqlı olduqlarını söyləyiblər.
Görüşdə Avstriya-Qafqaz və Mərkəzi Asiya parlament qrupunun rəhbəri, millət vəkili Karl Öllinger, digər millət vəkilləri, Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaydiç, habelə ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov iştirak edib.