...

Azərbaycan dilinin işlənməsinə nəzarət məqsədilə KİV-lərdə monitorinqin hansı formada keçiriləcəyi açıqlanıb

Cəmiyyət Materials 15 Mart 2013 17:01 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu dövlət dilinin işlənməsinə nəzarət etmək məqsədilə yaradılacaq monitorinq qrupunun KİV-lərdə monitorinqi hansı formada həyata keçirəcəyini açıqlayıb.
Azərbaycan dilinin işlənməsinə nəzarət məqsədilə KİV-lərdə monitorinqin hansı formada keçiriləcəyi açıqlanıb

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu dövlət dilinin işlənməsinə nəzarət etmək məqsədilə yaradılacaq monitorinq qrupunun KİV-lərdə monitorinqi hansı formada həyata keçirəcəyini açıqlayıb.

Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli cümə günü Trend-ə bildirib ki, yeni hazırlanan "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, Azərbaycan dilinin işlənməsinə nəzarət etmək məqsədilə monitorinq qrupu yaradılacaq.

Veysəlli bildirib ki, həmin qurum hər hansı radio, televiziya verilişinin lent yazısını yazacaq. Daha sonra dilçi mütəxəssislərin iştirakı ilə həmin lent yazıları təhlil ediləcək və səhvlər aşkar ediləcək. Aparılmış müzakirələrdən sonra KİV-ə düzgün variant təklif ediləcək.

"Düzgün variantı tətbiq edənlərə isə sertifikatlar veriləcək. Hər halda biz düzgün varinatı daha çox təbliğ edəcəyik. Monitorinq qruplarından keçə bilməyən adamlara sertifikat verilməyəcək. Sertifikatı almayan işçinin işdə saxlanılıb-saxlanılmayacağı artıq müəssisənin işi olacaq", - institutun direktor əvəzi bildirib.

Sertifikasiyaının hansı müddətə veriləcəyinin hələ müzakirə ediləcəyini deyən Veysəllinin sözlərinə görə, monitorinqlərin TV və radiodakı bütün verilişləri əhatə etməsi çətin olar.

"Bu, fiziki cəhətdən çox ağır olar. Ancaq hər halda hər bir kanalın və qəzetin ayrıca monitorinqini keçirəcəyik", - Veysəlli əlavə edib.

Hazırda KİV-lərdə ədəbi dilin işlənməsi baxımından vəziyyətin çox ağır olduğunu deyən instutut rəsmisi qeyd edib ki, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın layihəsinə Nazirlər Kabinetində baxılıb. Layihəyə üslub xarakterli düzəlişlər edilib.

Layihə artıq təsdiqlənməsi üçün Prezident Administrasiyasına təqdim edilib və yaxın vaxtlarda sənədin ölkə prezidenti tərəfindən imzalanacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti