...

Təhsil Nazirliyi TQDK-nın IV sinif dərslikləri ilə bağlı iradlarını qəbul etmədi

Cəmiyyət Materials 18 Aprel 2013 10:40 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi orta məktəblərin IV sinif dərsliklərinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılmış monitorinqinə yekun cavabını açıqlayıb.
Təhsil Nazirliyi TQDK-nın IV sinif dərslikləri ilə bağlı iradlarını qəbul etmədi

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərin IV sinif dərsliklərinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılmış monitorinqinə yekun cavabını açıqlayıb.

Trend-in məlumatına görə, TN-nin cavabları artıq TQDK-ya təqdim edilib və nəticələr komissiyanın saytında yerləşdirilib. Nəticələrdən məlum olur ki, TN TQDK-nın orta məktəblərdə istifadəsini yararsız saydığı IV sinif dərslikləri - "Azərbaycan dili", "Riyaziyyat" və "Həyat bilgisi" ilə bağlı verdiyi rəylə razılaşmayıb və hər üç dərsliyin orta məktəblərdə istifadəsini məqsədəuyğun sayıb.

TN "Azərbaycan dili" dərslliyində yalnız kicik səhvləri qəbul edib. TQDK-nın dərsliyin dili, bəzi mətnlərin uşaqların yaş psixologiyasına uyğun hazırlanmaması və s. ilə bağlı rəyi ilə razılaşmayıb.

TQDK-nın "Həyat bilgisi" dərsliyi ilə bağlı rəyində qeyd edilib ki, dərsliyin forzas səhifəsində Dövlət Himni "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" 1992-ci il 27 may tarixli qanununun tələblərinə uyğun çap olunmayıb. Himnin adı ("Azərbaycan marşı") ixtisar olunub. Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli təsviri Dovlət Gerbi haqqında Əsasnamənin təsdiq edilməsi barəsində Azərbaycan Respubli-kasının 1993-cü il 23 fevral tarixli qanununun tələblərinə uyğun çap olunmayıb.

Komplekt rəsmi dövlət sənədlərinə - tədris planına və fənn kurikulumuna uyğun hazırlanmayıb, müəlliflərin subyektiv mülahizələrinə əsaslanıb.

TN isə buna cavab olaraq, bildirib ki, kurikulum üzrə hazırlanmış dərsliklərdə forzas yoxdur. Gerb tam tələblərə uyğun çap edilib. Nazirlik hesab edir ki, "Həyat bilgisi - 4" dərslik komplekti tam fənn kurikulumuna əsasən hazırlanıb. Dərslikdə və müəllim üçün metodik vəsaitdə, iş dəftərində təqdim edilən məlumat, suallar və tapşırıqlar sistemli şəkildə şagirdlərdə standartlarda təsbit olunmuş bilik, bacarıq, vərdiş və dəyərləri praktiki cəhətdən formalaşdırmağa tam imkan yaradır. TN-nin rəyinə görə, bu dərsliklə bağlı yalnız TQDK-nın rəyindəki bəzi redaktə və korrektura xətaları nəzərə alınmalıdır.

TN eyni zamanda hesab edir ki, "Riyaziyyat 4" dərsliyində standartların əks olunması ilə bağlı verilən iradlar əsassızdır. 4-cü sinif dərsliyində "Riyaziyyat" fənni üzrə yeni təhsil proqramında (kurikulumda)yer almış bütün məzmun standartları öz əksini tapıb. TN dərslikdə proqramdan kənara çıxmaları və dərslik hazırlanarkən şagirdlərin yaş xüsusiyyətlərinin nəzərə alınmaması ilə bağlı iradları da qəbul edilmir. Dərslikdə rus dilinə tərcümə ilə bağlı iradlar tərcüməçi müəllimlər tərəfindən araşdırıldıqdan sonra nəzərə alına bilər.

Qeyd edək ki, TQDK "Azərbaycan dili 4" (müəlliflər: R. İsmayılov, S. Abdullayeva, D. Cəfərova, X. Qasımova), "Riyaziyyat 4" (müəlliflər: N. Qəhrəmanova, C. Əsgərova) və "Həyat bilgisi 4" dərsliyinin (müəlliflər: Gülər Mehdiyeva, Bahar Kərimova) respublikanın ümumtəhsil məktəblərində istifadəsini məqsədəuyğun hesab etməyib və həmin dərsliklərin yenidən hazırlanmasını vacib sayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti