Azərbaycan, Bakı, 2 may /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanda söz azadlığı ilə insan hüquqları arasında balansın təmin olunması dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş seminar çərçivəsində cümə axşamı "Azərbaycan media məkanı: mövcud durum və perspektiv vəzifələr" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Əliyev qeyd edib ki, demokratik cəmiyyətdə söz azadlığının əhatəsi genişdir və demokratik cəmiyyətin vəzifəsi ondan ibarət olmalıdır ki, insan hüquqları ilə söz azadlığı arasında sərhədi tapsın və müəyyənləşdirsin ki, söz azadlığı insanların hüquqlarını pozmasın, eyni zamanda, söz azadlığı prinsipləri pozulmasın.
"Azərbaycanda bu balansın təmin olunması dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Azərbaycan hökuməti dünyəvi dəyərlərə əsaslanan qanunvericilik aktlarının xüsusiyyətlərini, Azərbaycan xalqının, Azərbaycanın yerləşdiyi regionun xüsusiyyətlərini nəzərə alır", - Əliyev deyib.
O qeyd edib ki, Azərbaycan dövlətinin söz azadlığının təmin olunması istiqamətində praktiki addımları 1995-ci ildən, yəni Azərbaycan Konstitusiyası qəbul olunduğu vaxtdan atılmaqdadır.
Söz azadlğı prinsipinin bu Konstitusiyada öz əksini tapdığını deyən Əliyev bu istiqamətdə atılan praktiki addımlardan danışaraq qeyd edib ki, 1998-ci ildə senzura ləğv edildi, 1999-cu ildə KİV-lər haqqında qanun qəbul olundu, 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, 2003-cü ildə mətbuat özü öz şurasını formalaşdırdı və özünütənzimləmə prosesinə keçdi, 2005-ci ildə isə "İnformasiya əldə etmək haqqında" qanun qəbul olundu və dövlət orqanlarının səffaflığının təmin olunması üçün addımlar atıldı.
O, həmçinin vurğulayıb ki, 2008-ci ildə KİV-lərə dövlət dəstəyi konsepsiyasının da əsas məqsədi ondan ibarət idi ki, KİV-lər sahəsində, söz azadlığı sahəsində olan problemlərə dövlət konseptual şəkildə yanaşsın və bunları həll etsin.
Sektor müdiri informasiya cəmiyyətinin əsas prinsipləri haqqında da danışıb.
"Bu gün biz qloballaşma dövründə yaşayırıq, informasiya cəmiyyəti qururuq və informasiya cəmiyyətinin əsas prinsiplərindən biri odur ki, müxtəlif KİV-lər vasitəsilə əldə etdiyimiz informasiya fərddən, ailədən tutmuş cəmiyyətə kimi böyük bir kütləni idarə edir. İnformasiya ictimai fikri formalaşdırır, yəni informasiyanın cəmiyyətə təsiri qlobal baxımdan mühüm rol oynayır", - Əliyev deyib.
O vurğulayıb ki, informasiya cəmiyyətinin əsas parametrlərindən biri də yeni və köhnə media arasında transformasiya prosesini həyata keçirməkdir.
Əliyev qeyd edib ki, müasir texnologiyaların inkişafından istifadə edərək media özünə yeni forma, yeni məzmun və yeni istiqamətlər müəyyənləşdirərək öz fəaliyyətini bu istiqamətdə qurmalıdır.
"Bütün bunlar hamısı cəmiyyət üçün informasiya təhlükəsizliyinin vacib məsələlərindən biridir. Bu gün informasiya təhlükəsizliyinin təmin edilməsi təkcə dövlətin vəzifəsi deyil, eyni zamanda, vətəndaş cəmiyyətinin, QHT-lərin, jurnalistlərin, KİV-lərin burada xüsusi rolu var. Çünki jurnalist eyni zamanda vətəndaşdır və bir vətəndaş kimi də onun dövlətçilik hissi, milli şüuru, vətəndaş təəssübkeşliyi olmalıdır", - Əliyev bildirib.