...

Azərbaycanda ov mövsümü başlayıb

Cəmiyyət Materials 3 İyun 2013 13:22 (UTC +04:00)
Azərbaycan ərazisində 2013-2014-cü illər üçün ov mövsümü iyunun 1-dən açıq elan edilib.
Azərbaycanda ov mövsümü başlayıb

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan ərazisində 2013-2014-cü illər üçün ov mövsümü iyunun 1-dən açıq elan edilib. Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bildirib ki, respublika ərazisində 2013-2014-cü illərin ov mövsümündə vəhşi heyvanların ovlanması müddətləri və normaları müəyyən edilib. Bu normalara əsasən, təkə 1 iyun - 19 oktyabr 2013-cü il tarixlərində 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara), qaban (çöl donuzu) 14 sentyabr - 21 dekabr 2013-cü il tarixlərində 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara), dovşan 9 noyabr 2013-cü il - 11 yanvar 2014-cü il tarixlərində 2 baş (adambaşına), bataqlıq qunduzu (nutriya) 12 oktyabr 2013-cü il-23 fevral 2014-cü il tarixlərində (nutriya təsərrüfatı olan təşkilatlara volyerlərdə saxlamaq üçün ovlanmasına icazə verilir) ovlanıla bilər. Çaqqal və yenotun sayının tənzimlənməsi məqsədilə onların ilboyu ovlanmasına icazə verilir.

Vəhşi heyvanların sayının tənzimlənməsi məqsədilə müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında ovun edilməsinə icazə verilir. Qaban (çöl donuzu) Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki, İsmayıllıda, təkə Zaqatala, Şəki, Qax, Qubada, dovşan Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlıda ovlanıla bilər.

Ov etmək üçün Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən icazə alınmalıdır. Birdəfəlik ov icazəsinin qiyməti dovşan üçün 2 manat 20 qəpik, çaqqal üçün 3 manat 96 qəpik, yenot və qunduz üçün 1 manat 65 qəpik, təkə üçün 24 manat 75 qəpik, qaban (çöl donuzu) üçün 16 manat 50 qəpikdir.

Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafındakı 1 kilometrə qədər sahələrdə ov qadağan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti