...

Azərbaycanın radiasiya fonunun xəritəsi hazırlanacaq

Cəmiyyət Materials 9 İyul 2013 12:42 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov Trend-ə bildirib ki, respublika ərazisində radiasiya fonu tədqiqatlarının aparılması üçün yeni layihənin icrasına başlamaq nəzərdə tutulur.
Azərbaycanın radiasiya fonunun xəritəsi hazırlanacaq

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın radiasiya fonunun xəritəsi hazırlanacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov Trend-ə bildirib ki, respublika ərazisində radiasiya fonu tədqiqatlarının aparılması üçün yeni layihənin icrasına başlamaq nəzərdə tutulur. Bu tədqiqatlar zamanı respublika üzrə radiasiya fonunun necə dəyişdiyi öyrəniləcək. Bunun üçün vertolyotlardan da istifadə etməklə həm göydə, həm də yerdə ölçmələr aparılacaq. Bunun əsasında Azərbaycanın radiasiya fonunun xətirəsi hazırlanacaq.

A.Qəribovun sözlərinə görə, hazırda Azərbaycanın, demək olar, heç bir bölgəsində radiasiya problemi yoxdur. Ancaq bu xəritə hazırlandıqdan sonra radiasiya fonu ilə bağlı vəziyyət daha açıq şəkildə bilinəcək: "Azərbaycan radiasiya problemini yaşamır. Radiasiya fonu haradasa bir az az, haradasa bir az coxdur. Ümumiyyətlə isə hər yerdə radiasiya fonu normadan 1-2 dəfə aşağıdır. Biz hələlik radiasiya fonu baxımından qorxulu yer aşkar etməmişik".

İnstitut direktoru deyib ki, layihə yekunlaşdıqdan sonra hər hansı zonada radiasiya fonunun yüksək olduğu üzə çıxarsa, bunun səbəbləri araşdırılacaq. Həmin zonalarda torpaq və su da analiz ediləcək: "Ancaq inanmıram ki, Azərbaycanda radiasiya fonu baxımından qorxulu ərazi olsun. Ancaq istənilən halda radiasiya fonunun normadan kənara çıxma hallarının səbəblərini axtarıb tapacağıq. Bu layihə həm də strateji nöqteyi-nəzərdən maraq doğura bilər. Hansısa nüvə materiallarının yataqlarının olması, hansısa başqa təsirlərin olması barədə məlumat əldə edilə bilər".

A.Qəribov deyib ki, Azərbaycanda radiasiya fonu baxımından təhlükəli vəziyyət olmasa da, müasir tələblərə cavab verən avadanlıqlarla bu fonun öyrənilməsi müsbət addımdır.

İnstitut direktorunun bildirdiyinə görə, hazırda layihənin icrasına hazırlıq işləri aparılır. Layihənin həyata keçirilməsində AMEA ilə yanaşı, müvafiq dövlət qurumları da iştirak edəcək: "Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri layihənin icrası məqsədilə Azərbaycana səfərlər də edirlər. Layihənin icrası üçün bahalı avadanlıqlar tələb edilir, eyni zamanda, xəritələşmə sistemi olmalıdır. Bu işi görmək üçün ölkədə bu sahə üzrə çalışan bütün ekspertlər bir yerə cəmlənməlidir. Layihə zamanı həm radiasiya fonu ölçüləcək, həm də həmin ölçülər xəritələrdə əks olunacaq. Burada Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq qurumları və Radiasiya Problemləri İnstitutu da iştirak edəcək. Layihədə əsas aparıcı qurum isə Fövqəladə Hallar Nazirliyi olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti