Azərbaycan, Bakı, 17 iyul /Trend/
Azərbaycanın sənaye mərkəzi kimi mühüm əhəmiyyət kəsb edən Sumqayıt şəhərində çoxlu sayda sənaye müəssisələri, istehsal qurğuları fəaliyyət göstərir. Ölkə iqtisadiyyatı inkişaf etdikcə, müxtəlif iqtisadiyyat sektorlarında çalışan işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, istehsalat xəsarətlərinin qarşısının alınması məsələləri aktuallığı ilə diqqət mərkəzindədir. Bu sahədə dövlət nəzarətini həyata keçirən müvafiq icra strukturları ilə həmkarlar ittifaqları təşkilatlarının birgə fəaliyyətinin səmərəli təşkili də az əhəmiyyət daşımır.
Belə ki, Həmkarlar ittifaqları bütün sahələrdə, o cümlədən, dövlət qurumlarında da yerli təşkilatlara malikdirlər və onların ictimai fəaliyyətlərinin əsas vəzifələrindən biri də işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsidir. Belə mühüm meyarları nəzərə alan Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 7 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyi və Azərbaycan Həmkarlar İttifaqlari Konfederasiyası, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqi Sumqayıt Şəhər Komitəsi ilə birgə 17 iyul 2013-cü ildə Sumqayıt şəhərində "İşçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması və istehsalat xəsarətlərinin qarşısının alınması" mövzusunda seminar-müşavirə təşkil olunmuşdur.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, seminar-müşavirəni Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsinin sədri Allahverdi Avişov açaraq, bu kimi tədbirlərin əhəmiyyətini, Həmkarlar orqanları ilə Dövlət Əmək Müfəttişliyi arasında əməkdaşlığın vacibliyini xüsusi vurğuladı. 7 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Şəfa Əliyev öz çıxışında işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında dövlət nəzarətinin səmərəli təşkili məsələlərinə toxundu. O bildirdi ki, bu məsələlərdə yerli həmkarlar təşkilatlarının ictimai fəallığı işçilərin əmək hüquqlarının qorunmasında, onlar üçün sağlam və təhlükəsiz əmək şəraitinin təşkilində xeyli əlavə stimul verə bilər. Şəfa Əliyev əməyin mühafizəsi üzrə işəgötürənlərin məsuliyyəti, bu sahədə qanunvericiliyə ictimai nəzarətin əhəmiyyəti və birgə fəaliyyətin vacibliyini xüsusi vurğulamışdır.
Müzakirələrdə 7 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi Sabir Allahverdiyev, Sumqayıt Gigiyena və Epidemiologiya Mərkəzinin məsul işçisi Ağasəlim Cəfərov, Sumqayıt şəhər Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin məsul işçisi Etibar Nəzərov, Sumqayıt Maliyyə İdarəsinin Həmkarlar İttifaqı Təşkilatının sədri İndira Şəmsivari, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin Həmkarlar İttifaqı Təşkilatının sədri Şəmsəd Həsənov, "Sumqayıt" qəzetinin baş redaktoru, Azərbaycanın əməkdar jurnalisti Qüdrət Məlikov çıxış etmişlər. Natiqlər işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təşkili sahəsində mövcud vəziyyəti təhlil etməklə yanaşı, bu sahədə dövlət nəzarətinin gücləndirilməsinin və yerli ictimai qurumların fəallığının artırılmasını da bildirmişlər.
Seminar-müşavirənin sonunda tədbir iştirakçılarına işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması və istehsalat xəsarətlərinin qarşısının alınması üzrə maarifləndirici məlumat kitabçaları paylanmışdır.