...

Təhsil Nazirliyi müəllim hazırlığı aparılan ixtisaslar üzrə təhsil proqramlarına yenidən baxacaq

Cəmiyyət Materials 25 Sentyabr 2013 10:02 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi müəllim hazırlığı aparılan ixtisaslar üzrə təhsil proqramlarına yenidən baxmağı nəzərdə tutur.
Təhsil Nazirliyi müəllim hazırlığı aparılan ixtisaslar üzrə təhsil proqramlarına yenidən baxacaq

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi müəllim hazırlığı aparılan ixtisaslar üzrə təhsil proqramlarına yenidən baxmağı nəzərdə tutur. Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat veriblər.

Nazirlikdən bildirilib ki, ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu zamanı imtahan vermiş namizədlərin bir qisminin bilik səviyyəsi kifayət qədər yüksək olmayıb. TN bunu nəzərə alaraq, müəllim hazırlığı aparılan ixtisaslar üzrə təhsil proqramlarına yenidən baxmağı nəzərdə tutur.

Azərbaycanda növbəti illər üçün ali və orta ixtisas məktəblərinin qəbul planlarında pedaqoji ixtisaslar üzrə azalmanın baş verə biləcəyinə gəldikdə, nazirlikdən deyilib ki, ali və orta ixtisas təhsili müəssisələrinə bu və ya digər ixtisas üzrə tələbə qəbulu dövlətin və cəmiyyətin tələbinə müvafiq olaraq müəyyənləşdirilir.

Nazirlikdən o da əlavə edilib ki, respublikanın regionlarında pedaqoji kadrlara olan tələbat nəzərə alınaraq, orta ixtisas təhsili müəssisələrində pedaqoji ixtisaslar üzrə kadr hazırlığının dayandırılması nəzərdə tutulmur.

Qeyd edək ki, 2013-2014-cü tədris ilində ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrindəki 3286 vakant müəllim vəzifəsinə işə qəbul olunmaq üçün imtahan verən 15030 nəfərdən yalnız 1474-i işə qəbul edilib. 2013-2014-cü tədris ili üçün orta məktəblərə müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqənin nəticələrinə əsasən, Azərbaycanın daha çox Lerik, Yardımlı, Gədəbəy rayonlarında fizika, kimya, biologiya ixtisasları üzrə vakant müəllim yerləri qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti