Azərbaycan, Bakı, 2 may /Trend/
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Fonddan Trend-ə verilən məlumata görə, yığıncağın gündəliyinə beşinci qrant müsabiqəsinin nəticələrinin müzakirəsi, əvvəlki müsabiqə çərçivəsində maliyyələşdirilmiş layihələrin icra vəziyyəti, resipiyentlər tərəfindən Fonda təqdim olunan sənədlərin siyahısına dəyişikliklər edilməsi və digər məsələlər daxil edilib.
Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov beşinci qrant müsabiqəsi barədə məlumat verərək bildirib ki, 2013-cü il dekabrın 29-dan 2014-cü il fevralın 10-dək Fonda "A" (yerli layihələr), "B" (beynəlxalq layihələr) və "C" (fiziki şəxslərin layihələri) kateqoriyaları üzrə 1065 layihə təklifi daxil olub. Fevral-aprel ayları ərzində layihələr Fondda sistemləşdirilib və təhlil olunub, hər biri haqqında annotasiya və rəy hazırlanıb, bəzi müraciətçilərlə görüşlər keçirilib.
Müşahidə Şurasının üzvləri əvvəlki müsabiqələr çərçivəsində maliyyələşdirilmiş layihələrin hesabatlarını təqdim etməmiş gənclər təşkilatlarının və fiziki şəxslərin müraciətlərinə baxılmaması barədə razılığa gəliblər. Digər təkliflər qiymətləndirilərkən, ilk növbədə, ictimai əhəmiyyət kəsb edən, gənclərin sosial, fiziki, intellektual və mənəvi inkişafına xidmət edən, real icra planı və büdcəsi olan layihələrə üstünlük verilib. Aparılan müzakirələr nəticəsində "A" kateqoriyası üzrə 135, "B" kateqoriyası üzrə 13 və "C" kateqoriyası üzrə 288 layihənin dəstəklənməsi məqsədəuyğun sayılıb.
Barələrində müsbət qərar qəbul olunmuş 436 layihənin maliyyələşdirilməsi üçün Fond tərəfindən 2.581.600 manat vəsaitin ayrılması qərara alınıb (həmin layihələrin siyahısı 2014-cü il mayın 5-də Fondun rəsmi internet səhifəsində yerləşdiriləcək).
Daha sonra Fondun icraçı direktoru Fərhad Hacıyev dördüncü qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilmiş layihələrin icra və hesabatlılıq vəziyyəti barədə məlumat verib, bir sıra rəqəm və göstəriciləri Müşahidə Şurasının diqqətinə çatdırıb. Şura üzvləri bütün layihələrin monitorinqinin davam etdirilməsinin zəruriliyini vurğulayıb, monitorinq prosesinin səmərəliliyinin artırılmasına yönələn təkliflər irəli sürüblər.
İclasda Gənclər Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin icrasının yekunu ilə bağlı resipiyentdən tələb olunan sənədlərin siyahısına dəyişikliklərin edilməsi barədə məsələ müzakirəyə çıxarılıb. T.Süleymanov qeyd edib ki, son vaxtlar ayrı-ayrı gənclər təşkilatları və fiziki şəxslər Müşahidə Şurasına müraciət edərək, təsviri və maliyyə hesabatlarının verilməsi üçün Fonda təqdim olunan sənədlərin siyahısına müəyyən düzəlişlərin edilməsini xahiş ediblər. Bu məsələ ilə əlaqədar həm Fondun aparatı həm də qrant verən analoji qurumlarla fikir mübadiləsi aparılıb. İclasda sözügedən siyahıda dəyişikliklər edilməsi məqsədilə Şura üzvlərindən, Fond əməkdaşlarından və ekspertlərdən ibarət komissiya yaradılıb, sənəd hazırlandıqdan sonra razılaşdırılması üçün müvafiq dövlət orqanlarına göndərilməsi qərara alınıb.
Müşahidə Şurası işini cari məsələlərin müzakirəsi ilə davam etdirib.