Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir İlkin İzzət/
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) baş katibi Meksika, Çili və Kolumbiyanın sabiq prezidentləri ilə görüşüb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nyu Yorkda 4-cü Konkordia Sammitində təmsil olunan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov tədbir çərçivəsində bir sıra görüşlər keçirib. Mərkəzin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa, həmçinin təşkilatın üzvləri - Polşanın sabiq dövlət başçısı Aleksandr Kvasnevskiy və Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ilə görüşlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gələcək fəaliyyət planları, əsasən də 2015-ci ildə keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıqla bağlı məsələlər müzakirə olunub.
Foruma hazırlıq prosesinə dair Mərkəzin üzvü, BMT baş katibinin xüsusi müşaviri Nafis Sadiklə görüşdə də geniş fikir mübadiləsi aparılıb.
Meksikanın eks-prezidenti Filipe Kalderon, Çilinin sabiq dövlət başçısı Sebastyan Pinyera, Kolumbiyanın keçmiş rəhbəri Alvaro Uribe ilə görüşdə isə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq təklifləri, Mərkəzin gələcək layihələrində onların təcrübəsindən faydalanmaq imkanlarını müzakirə edilib. Sabiq dövlət başçıları Mərkəzlə yaxından əməkdaşlıq təklifini müsbət qarşılayıb və işbirliyinə hazır olduqlarını bildiriblər.
Qeyd edək ki, sabiq prezident, baş nazir və tanınmış siyasi xadimlər bu günlərdə ABŞ-ın Nyu York şəhərində keçirilən 4-cü Konkordia Sammitində bir araya gəlib. Sammitin sonuncu günündə ABŞ-ın 43-cü Prezidenti Corc Buş və xanımı Laura Buşun xüsusi mühazirəsi təşkil olunub.