Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onlara ölkə hüdudlarından kənara getmək üçün verilən "Yol sənədi" əsasında Azərbaycandan gedə və viza almadan Azərbaycana gələ bilərlər.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ Azərbaycan Prezidenti tərəfindən parlamentə təqdim edilmiş "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" qanuna dəyişikliklər edilməsi barədə layihəyə daxil edilib.
Layihədə qeyd edilir ki, barəsində qaçqın statusu verməkdən imtina edilməsi haqqında qərar qəbul edilmiş şəxsin Azərbaycan ərazisindən göndərilməsinin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilməlidir.
Qaçqın statusu almış, habelə Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən ölkə hüdudlarından kənara çıxma haqqında qərar qəbul edilmir.