...

DİN yetkinlik yaşına çatmayanlarla bağlı növbəti tədbir keçirdi

Cəmiyyət Materials 21 Noyabr 2014 19:16 (UTC +04:00)
Bu gün Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası” mövzusunda növbəti tədbir Zəngilan və Qubadlı rayon sakinlərinin də məskunlaşdığı Abşeron rayonunun Mazasır qəsəbəsindəki qaçqın şəhərciyində keçirilib.

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir İlkin İzzət/

Bu gün Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası" mövzusunda növbəti tədbir Zəngilan və Qubadlı rayon sakinlərinin də məskunlaşdığı Abşeron rayonunun Mazasır qəsəbəsindəki qaçqın şəhərciyində keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov "Yetkinlik yaşına çatmayanlar və gənclər arasında radikal və ekstremist yönümlü dini təriqətlərin yayılmasının qarşısının alınmasında polisin rolu" mövzusunda çıxış edərək tolerantlığın milli-mənəvi dəyərlərimizlə, tarixi ənənələrimizlə sıx bağlı olduğunu, ölkəmizdə dilindən, dinindən, irqindən asılı olmayaraq, hər kəsin vicdan azadlığının təmin edildiyini, demokratik, dünyəvi dəyərlərdən biri kimi qəbul edilən etnik-dini tolerantlığın Azərbaycan cəmiyyətinin nümunəvi birgəyaşayış normasına çevrildiyini nəzərə çatdırıb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Adil Ələkbərov çıxışında deyib ki, Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, hazırda dünyada 250 milyondan çox narkotik istifadəçisi var, 50 milyon insan yalnız bu səbəbdən həyatını itirib. Qeyd olunub ki, ölkəmizdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illəri əhatə edən Dövlət Proqramı təsdiq edilib və daxili işlər orqanları bütün səylərini onun tam şəkildə həyata keçirilməsinə yönəldib. Lakin proqramın səmərəliliyi bütövlükdə cəmiyyətin bu bəla ilə mübarizəyə dəstəyindən, əməkdaşlıqdan çox asılıdır.

Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov və Respublika Narkoloji Mərkəzinin narkoloq-həkimi Asif Gəngərli hüquqi maarifləndirmə və təbliğat-təşviqat işinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Müzakirələrdə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, məktəb direktorları və psixoloqlar çıxış ediblər.

Daha sonra videoçarx nümayiş etdirilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonda müzakirə edilən mövzularla bağlı iştirakçılara broşür, jurnal və kitabçalar paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti