Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/
2014-cü ilin 11 ayı ərzində Azərbaycanda 561 yeni İİV-ə yoluxma faktı aşkarlanıb.
Azərbaycan Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən Trend-ə verilən məlumata görə, onlardan 545-i (97,1%) Azərbaycan vətəndaşı, 16 nəfəri (2,9%) isə əcnəbi vətəndaşlardır. Qeydiyyata alınmış 545 Azərbaycan vətəndaşından 336-sı (61,7%) kişi, 209-u (38,3%) qadındır.
Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2014-cü ilin 1 dekabr tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 4859 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 4694 nəfəri (96,6%) Azərbaycan vətəndaşı, 165 nəfəri (3,4%) isə əcnəbilərdir. İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 3572-si (76,1%) kişi, 1122-si (23,9%) qadındır. QİÇS mərhələsində olan insanların sayı 1508 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 1484 nəfərdir. İİV infeksiyasından dünyasını dəyişmiş insanların sayı 667 nəfərdir. Onların hamısı Azərbaycan vətəndaşlarıdır.
İİV-ə yoluxmuş 4694 Azərbaycan vətəndaşından 1198-i (25,5%) Bakı şəhəri və Abşeron rayonunda, 3656-sı (73,7%) respublikanın digər 55 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 38 nəfərin (0,8%) yaşayış yeri naməlumdur.
4694 nəfər Azərbaycan vətəndaşından 2578-də (54,9%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 1637-də (34,9%) heteroseksual, 61-də (1,3%) isə homoseksual kontakt nəticəsində, 82-də (1,7%) anadan uşağa keçməklə, 1-də (0,02%) donor qanının köçürülməsi nəticəsindəbaş verib. 336 nəfərdə (7,2%) yoluxma yolu müəyyən edilməyib.
Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilib. Belə ki, 08 noyabr 2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 2323 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 552 nəfərə müalicə 2014-cü ilin 11 ayı ərzində başlanılıb.
Qeyd edək ki, bu gün Ümumdünya QİÇS-lə Mübarizə Günüdür.