...

Azərbaycanda özəl tibb müəssisələrinə qarşı tələblər sərtləşdiriləcək

Cəmiyyət Materials 5 Mart 2015 17:00 (UTC +04:00)
Azərbaycanda tibb müəssisələrinə verilən lisenziyanın ləğv olunması prosesinin daha da sadələşdirilməsi və dəqiqləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlanıb.
Azərbaycanda özəl tibb müəssisələrinə qarşı tələblər sərtləşdiriləcək

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda tibb müəssisələrinə verilən lisenziyanın ləğv olunması prosesinin daha da sadələşdirilməsi və dəqiqləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlanıb. Bunu Trend-ə müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

Millət vəkilinin sözlərinə görə, bəzi tibb müəssisələri onlara yaradılan şəraitdən sui-istifadə edərək qanunları ciddi şəkildə pozurlar: "Yəni müəssisə hansı sahə üzrə lisenziya alıbsa, o sahə üzrə də fəaliyyət göstərməlidir. Bir də görürsən ki, stomatologiya üzrə lisenziya alıb, amma abortla məşğuldurlar. Ona görə də bir müddət əvvəl Azərbaycanda özəl müəssisələrdə tibbi xidmətin tənzimlənməsi, onlara lisenziyaların verilməsi ilə bağlı bəzi addımlar atıldı, bu qaydaların pozulmasına görə cərimələr 8 min manatadək artırıldı. Hazırda Səhiyyə Nazirliyi bu sahəyə çox ciddi nəzarət edir. Amma bəzən qanunları pozan özəl tibb müəssisələrinin lisenziyalarının ləğv olunmasında müəyyən problemlər yaranır. Ona görə də bundan sonra onlara verilən lisenziyanın ləğv olunması prosesi sadələşdiriləcək".

H.Rəcəbli qeyd edib ki, eyni zamanda xaricdən Azərbaycana gələn həkimlərə də ciddi nəzarət olunur. Bu sahəyə nəzarəti Səhiyyə Nazirliyinin bununla bağlı lisenziya verən müvafiq idarəsi həyata keçirir.

Komitə sədrinin fikrincə, Azərbaycanda digər sahələrdə olduğu kimi, səhiyyə sistemindəki problemlər də getdikcə aradan qaldırılacaq. Artıq bu sahədə dövlət tərəfindən ciddi işlər görülür və məsələlər zaman-zaman tənzimlənir: "Niyə insanlar müalicə üçün Azərbaycandan İrana gedirlər? Bunun bir neçə səbəbi var. Qeyd edim ki, İranda bəzən alınan müalicələr sonra heç effekt də vermir. Buna baxmayaraq, guya ucuz olduğuna görə vətəndaşlarımız ora qaçırlar. Amma bizim həm dövlət, həm də özəl tibb müəssisələrimizdə normal müayinə və müalicə aparılır. Məsələn, bizim yaxşı göz, mədə-bağırsaq, onkoloji həkimlərimiz var. Onların bəziləri dünya şöhrətli həkimlərdir. Buna baxmayaraq, bizim səhiyyə sistemimiz hələ təkmilləşməlidir. Elə etməliyik ki, xaricə gedib müalicə almaq istəyənlərin sayı azalsın. Təbii ki, xaricdə müalicə almaq istəyənlər həmişə olacaq. Bu, insanların öz seçimi və maddi imkanları ilə bağlıdır. Amma vaxt keçdikcə müalicə olunmaq üçün Azərbaycandan kənara gedən insanların sayı azalacaq".

Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü il üçün hesabatına əsasən, hazırda respublika üzrə 627 özəl tibb müəssisəsi və kabineti fəaliyyət göstərir. Bu müəssisələrdə əhaliyə tibbi xidmətin göstərilməsi üçün yaradılan şərait və xidmətin keyfiyyəti Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq araşdırılır. Tibb fəaliyyətinin lisenziyalaşdırılması sahəsinə nəzarətin gücləndirilməsi nəticəsində il ərzində 88 qanunsuz tibb fəaliyyəti ilə məşğul olma faktları aşkar olunub, 75 halda cərimə tətbiq edilib, 5 halda lisenziyanın fəaliyyətinin dayandırılması və 5 halda lisenziyanın ləğv edilməsi kimi tədbirlər görülüb.

Hesabatda qeyd olunub ki, hazırda respublikanın tibb müəssisələrində 32 400 həkim çalışır. Əhalinin hər 10 min nəfərinə 34,7 həkim düşür ki, bu da ümumi Avropa göstəricilərinə uyğundur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti