...

Deputat: Azərbaycanda meyitdən orqan götürülməsinin icra mexanizmləri hazırlanmalıdır

Cəmiyyət Materials 17 Mart 2015 16:50 (UTC +04:00)
Azərbaycanda müvafiq qurumlar meyitdən orqan və ya toxumaların götürülməsinin icra mexanizmlərinin hazırlanması üçün təcili tədbirlər görməlidirlər.
Deputat: Azərbaycanda meyitdən orqan götürülməsinin icra mexanizmləri hazırlanmalıdır

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda müvafiq qurumlar meyitdən orqan və ya toxumaların götürülməsinin icra mexanizmlərinin hazırlanması üçün təcili tədbirlər görməlidirlər. Trend-in məlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Deputat bildirib ki, 28 oktyabr 1999-cu ildə parlament tərəfindən qəbul edilən "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikasının Qanununun bəzi müddəaları bu günədək yerinə yetirilmir və onların həyata keçməsi üçün müvafiq qurumlar təcili tədbirlər görməlidirlər.

Ölkəmizdə orqan və toxumaların transplantasiyası sahəsində son illər uğurlu əməliyyatların həyata keçirildiyini diqqətə çatdıran millət vəkili deyib ki, bu gün qanunun bu müddəasının həyata keçməməsi səbəbindən ölkədə sadəcə cüt və ya arta bilən orqanlar köçürülə bilər: "Digərləri üçün isə hər bir insan xaricə üz tutmalıdır ki, bu da külli miqdarda vəsait tələb edir. İkincisi, bu gün orqan köçürülməsinə ehtiyacı olan xəstələrə onların yaxınlarından, yəni sağlam insanlardan orqan alınaraq köçürülməsi mümkündür. Bununla da sağlam insanların həyatı da bir çox hallarda risk altına düşür. Bəlkə həmin insanın ona cüt və ya arta bilən orqanını bağışlayacaq bir qohumu yoxdur. Bəs, o nə etsin? Ölümə məhkum olsun? Bütün inkişaf etmiş ölkələrdə transplantasiya məqsədilə meyitdən orqan və toxumaların götürülməsi sürətlə inkişaf edirsə, bizdə nə üçün bu məsələ öz həllini tapmasın? Axı bizim bununla bağlı neçə ildir qəbul olunan qanunumuz var. Hesab edirəm ki, bu sahəyə cavabdeh qurumlar qısa zamanda qanunun maddələrini yerinə yetirməlidirlər. Heç kəs hər hansı bir şəxsin özünün ölməzdən əvvəl rəsmi qaydada qeydiyyatdan keçmiş vəsiyyət məktubu olmadığı, ailəsinin izn vermədiyi təqdirdə onun meyitinə toxuna bilməz. Amma xarici ölkələrdəki kimi Azərbaycanda da belə insanlar var ki, onlar vəsiyyət yazaraq öldükdən sonra orqanlarını ehtiyacı olan insanlara bağışlamaq istəyirlər. Onların bu istəyini reallaşdıran icra mexanimləri dünyada olduğu kimi bizdə də olmalıdır".

Q.Paşayeva bildirib ki, orqan transplantasiyası məsələsində ən böyük problemlərdən biri orqan bağışlanması ilə bağlı qanunda öz əksini tapan müddəaların icra mexanizmlərinin işlənib hazırlanmaması və bu prosedurun həyata keçirilməsi mexanizmlərinin olmamasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti