...

Azərbaycan ailəsində kimlərin hüquqları daha çox pozulur?

Cəmiyyət Materials 21 Mart 2015 17:00 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan ailəsində qadınların və uşaqların hüquqlarının qorunması vəziyyətini dəyərləndirib.
Azərbaycan ailəsində kimlərin hüquqları daha çox pozulur?

Azərbaycan, Bakı, 21 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan ailəsində qadınların və uşaqların hüquqlarının qorunması vəziyyətini dəyərləndirib.

Komitənin sədr müavini Sədaqət Qəhrəmanova Trend-ə bildirib ki, bu gün ölkədə 2 milyondan çox ailə var. Onun sözlərinə görə, Azərbaycan öz ailə dəyərləri ilə fəxr edə bilər. Lakin təəssüfedici hal budur ki, bu gün bəzi ailələrdə qadın və uşaqların hüquqları pozulur: "Azərbaycan ailə modeli əsrlər boyu öz dəyərləri ilə ən nümunəvi sosial institutlardan biri olub. Hər bir insanın, hətta hər bir xalqın özünütəsdiqində və inkişafında ailənin rolu böyükdür. Hər bir xalqın, millətin öz ailə modeli var. Azərbaycan da bu baxımdan istisna təşkil etmir. Azərbaycan Respublikasının ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətini, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasını, ailə üzvlərinin ailə qarşısında məsuliyyətini, onların hüquqlarının maneəsiz surətdə həyata keçirilməsini müəyyən edir".

S.Qəhrəmanova deyib ki, cəmiyyətdə qadın hüquqlarının pozulması birbaşa uşaq hüquqlarının pozulmasına təsir edir. Onun fikrincə, qadın və uşaqların hüquqlarının müdafiəsi məsələsi ortaq cəhətlərə malikdir.

Tarixən qadınlar və uşaqların cəmiyyətdə hüquqi və sosial cəhətdən müdafiəsi zəif olan fərdlər olduğunu deyən komitə rəsmisi qeyd edib ki, gender bərabərsizliyi uşaq hüquqlarının həyata keçirilməsində təsiredici faktorlardan biridir. Bu, uşaqların və qadınların təhsil, səhiyyə, məşğulluğa və digər resurslara çıxışına, ailədə və ictimai həyatda qərar vermələrinə mənfi təsir edir: "Qadının ailədə zorakılığa məruz qalması uşağın da zorakılığa məruz qalması deməkdir. Boşanma baş verirsə, uşaqlar ana ilə qalır və ananın yaşadığı bütün çətinliklər (iqtisadi, mənəvi, psixoloji) və hüquqların pozulması uşaqlardan da yan keçmir. Bu isə onların məktəbdən uzaqlaşdırılması, ailədə uşağın cinsinə görə ayrı-seçkilik edilməsində, azyaşlı uşaqların işə cəlb edilməsində özünü göstərir".

S.Qəhrəmanovanın sözlərinə görə, məktəbyaşlı uşağın məcburi işə cəlb edilməsi onun təhsil hüququnun məhdudlaşdırılması deməkdir. Bu problemlərin qarşısını almaq üçün hüquqi maarifləndirmənin davam etdirilməsinə ehtiyac var. Komitə bu istiqamətdə maarifləndirmə işlərini digər dövlət qurumları, eləcə də vətəndaş cəmiyyəti ilə birgə mütəmadi olaraq aparır: "Misal kimi, "Yerli idarəetmədə qadın liderliyinin təşviqi üçün strategiyalar", "Ailə, məktəb və cəmiyyət", "Kənd və rayon yerlərində genderə həssas siyasətlərin formalaşdırılması", "Uşaq hüquqları: hüquqlarımızı bilək və paylaşaq" və digər layihələrin adını çəkmək olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti