Azərbaycan, Bakı, 30 mart /Trend/
Ötən gün axşam saatlarından Daşkəsən rayonuna güclü qar yağmağa başlayıb. Hazırda rayon mərkəzində qarın qalınlığı 10, nisbətən yüksək ərazilərdə isə 15-20 santimetrə çatıb. Daşkəsən rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, yağan qar ciddi fəsad yaratmayıb.
Avtomobillərin normal hərəkəti üçün yollar nəzarətdə saxlanılır. Əhalinin elektrik enerjisi və təbii qazla təchizatı da normal qaydadadır.
Kəpəz TV-nin məlumatına görə, digər dağ rayonu olan Gədəbəydə də qarlı-şaxtalı hava müşahidə olunur. Rayon Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayevin sözlərinə görə, hazırda rayon mərkəzində qarın qalınlığı 5 santimetrə çatıb.
Ancaq yağan qar ciddi problemlərə yol açmayıb. Kəndlərlə rayon mərkəzini birləşdirən yollar açıqdır. İşıq və qaz verilişində uzunmüddətli fasilələr müşahidə olunmur.