Azərbaycan, Bakı, 12 iyun /Trend/
Bakı Ali Neft Məktəbində (BANM) Elmi Şuranın iclası Milli Qurtuluş gününə həsr olunub.
2014-2015-ci tədris ili üzrə BANM-in Elmi Şurasının son iclası keçirilib. BANM-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, iclası açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov 2014-2015-ci tədris ilinin son iclasının 15 iyun - Milli Qurtuluş gününə həsr olunduğunu bildirib.
Rektor Elmar Qasımov deyib ki, hər bir xalqın tarixində onun müstəqillik, milli azadlıq uğrunda apardığı mübarizənin böyük rolu var. Bu müstəqillik və azadlıq isə, heç də asan qazanılmır, bütün xalqlara və millətlərə qismət olmur, çünki müstəqilliyi qazanmaqla yanaşı, onu həm də qoruyub saxlamaq vacib şərtdir. E.Qasımov Azərbaycan xalqının öz müstəqilliyinə, ölkədə sabitliyə məhz 1993-cü ildə xalqın tələbi ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qovuşduğunu vurğulayıb. Məhz Heydər Əliyevin bu müdrik adddımı nəticəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxıb. Ümummilli lider Heydər Əliyevin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, ölkədə sabitlik və əmin-amanlıq yaradıb. Məhz Ümummilli lider Heydər Əliyevin o zaman atdığı müdrik və uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycanın regionda müstəqil güclü dövlətə çevrildiyini deyən E.Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu öndərin ideyalarının davamçısı olduğunu bildirib.
Elmar Qasımov Azərbaycanda Avropa Oyunlarının açılışını xatırladaraq Elmi Şura üvzlərini və kollektivi bu münasibətlə təbrik edib. O, Azərbaycanı təmsil edən idmançılara uğurlar arzuladı. Bütün dünyanın, o cümlədən siyasi-ictimai dairələrin, tanınmış ictimai xadimlərin, müxtəlif ölkələrdən gələn çoxlu sayda idmançıların və dünyanın bütün aparıcı KİV nümayəndələrinin qatılacağı tədbirin ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Azərbaycanın bu yarışlara ev sahibliyi etməsinin ölkəmizin təbliği üçün bir vasitə olduğunu qeyd edib. Rektor bu beynəlxalq tədbirdə Bakı Ali Neft Məktəbinin tələbələrinin də könüllü kimi iştirak edəcəklərini deyib.
Sonra rektor Elmar Qasımov 2014-2015-ci tədris ilinin yekunları ilə bağlı danışıb. O, BANM-in qısa zaman ərzində böyük inkişafa nail olduğunu, bu istiqamətdə işlərin sürətlə və keyfiyyətlə aparıldığını deyib. E.Qasımov bildirib ki, Ali Məktəbin quruculuğu yönündə aparılan işlərin ilk mərhələsini sona çatmış hesab etmək olar. Bununla belə, BANM-də quruculuq işləri davam edir və edəcək. Ali Məktəbin bu tədris ili ərzində uğurlarından danışan rektor Elmar Qasımov bu il BANM-in İSO -nun üç istiqaməti üzrə beynəlxalq sertifikata sahib olmasını ən uğurlu hadisələrdən biri kimi qiymətləndirib.
O, bu uğurun həm Ali Məktəbin, həm də tələbələrin olduğunu deyib. Rektor Elmar Qasımov qarşıdan gələn 2015-2016-cı tədris ilinin də uğurla başlanacağına, BANM-in yeni tədris ilində daha yeni uğurlara imza atacağına əminliyini ifadə edib. Elmar Qasımov 15 iyun Milli Qurtuluş günü və Avropa Oyunlarının Azərbaycanda açılış mərasimi münasibətilə Ali Məktəbin kollektivinin simasında Azərbaycan xalqını təbrik edib.